2016-cı ildə Azərbaycan, Gürcüstan və Ermənistanın Təhlükəsizlik və Müdafiə sektoru ümumilikdə 318 hərbi qulluqçusunu itirib. Onların 221 nəfəri atəşkəs pozuntusu (o cümlədən mina partlayışı), 97 nəfəri isə qeyri-döyüş itkiləridir.
Bu barədə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute – CDSI) hər üç ölkənin rəsmi qurumlarının məlumatları, Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə əsaslanaraq məlyumat yayıb.
CDSI qeyd edir ki, döyüş itkiləri əsasən aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan hərbi qüvvələrinin təmas xəttində aparılan hərbi əməliyyatlar zamanı ortaya çıxıb. Mətbuatda dərc olunan məlumatlara görə, həmin hərbi əməliyyatlarda Azərbaycan tərəfi 92, Ermənistan tərəfi 77 hərbi qulluqçusunu itirib.
Məlumatda deyilir ki, 2016-cı ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 147 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 109 nəfəri döyüş, 38 nəfəri qeyri döyüş itkisidir.
“Silahlı Qüvvələrin 109 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub (bəziləri mina partlayışından dünyasını dəyişib). Bundan başqa 4 hərbi qulluqçu avtomobil qəzası, 5 hərbçi xəstəlik nəticəsində, 10 nəfərin intihar etdiyi, 3 nəfərin ehtiyatsızlıqdan, 5 nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. 8 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. 4 nəfərin isə naməlum səbəbdən dünyasını dəyişdiyi bildirilir”, CDSI qeyd edir.
Dünyasını dəyişənlərin 84 nəfəri əsgər, 18-i müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 12 gizir, 33 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 142 nəfəri Müdafiə Nazirliyinin, 2-i Daxili Qoşunların, 1-i Ədliyyə Nazirliyinin, 2-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar.
2016-cı ildə Azərbaycanın ümumilikdə 60 hərbi qulluqçusu yaralanıb (və ya xəsarət alıb). 50 hərbçi erməni tərəfinin gülləsindən yaralanıb, 5 nəfər minaya düşüb. bundan başqa 2 hərbçi avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsətəlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.
2-5 aprel tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən ən azı 18 dinc sakin həlak olub, 26 nəfər yaralanıb. Belə ki, Tərtərdə 16 nəfər, Ağdamda 2 dinc sakin erməni hərbi birləşmələrinin atəşi nəticəsində həlak olub. Tərtərdə 7 nəfər, Ağdamda isə 1 nəfər yaralanıb.
CDSI bildirir ki, 2016-cı ildə Ermənistan Silahlı Qüvvələrinin 165 hərbi qulluqçusu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 112-si döyüş, 53 nəfəri qeyri-döyüş itkisidir.
112 hərbçi Azərbaycan tərəfinin atəşindən (eyni zamanda mina partlayışından), 13 nəfərsə avtomobil qəzasından dünyasını dəyişib. Bundan başqa 12 nəfər intihar edib, 22 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 4 nəfərsə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 2 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib.
“Dünyasını dəyişənlərin 27-i zabit, 31 nəfəri müqaviləli əsgər, 107 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olublar. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. İnsidentlərin 122-si Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 43-ü isə Ermənistan ərazisində baş verib”, məlumatda deyilir.
Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 173 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. 15 hərbi qulluqçu avtomobil qəzasında xəsarət alıb, 7 nəfər bədbəxt hadisədən. 151 əsgərsə cəbhə xəttində yaralanıb.
CDSI bildirir ki, 2016-cı il ərzində ümumilikdə 20-yə yaxın erməni könüllüsü cəbhə xəttində həlak olub, 15 könüllü yaralanıb.
2016-cı ildə Gürcüstan ordusunun 6 hərbi qulluqçusu dünyasını dəyişib.
Bir nəfər H1N1 virusundan, 3 nəfər bədbəxt hadisə, 2 nəfər avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Onların 1 nəfəri mayor rütəsində, qalan 5 nəfəri isə əsgər olub.