Accessibility links

İlham Əliyev: Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik


Prezident Ilham Əliyev ölkənin cənub-qərb rayonlarına səfəri zamanı Füzuli rayonu (Bakıdan 300 kilometr cənub-qərb) ərazisində Ermənistan-Azərbaycan cəbhəsinin ön xəttində yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.

Dövlət başçısının olduğu ərazidə 2016-cı ilin aprel ayının 2-dən 5-dək hərbi əməliyyatlar bərpa edilib və ağır döyüşlər gedib. Döyüşlər zamanı Azərbaycan Ordusu bir neçə min hektar ərazini erməni hərbi qüvvələrindən təmizləyib. Hərbi əməliyyatlar aprelin 5-də Rusiya prezidentin təşəbbüsü ilə dayandırılıb və münaqişənin dinc yolla nizamlanmasına ümidlər artıb. Lakin indiyədək danışıqlarda irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri dəfələrlə hazırki status-kvonun qəbuledilməz olduğunu bəyan edib.

Prezident Əliyev bu gün hərbçilər qarşısında çıxışında bildirib ki, bu ilin aprel ayında Ermənistan Azərbaycan dövlətinə, xalqına qarşı növbəti silahlı təxribat törədib.

“Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir”.

Ilham Əliyev cəbhə xəttində
Ilham Əliyev cəbhə xəttində

Dövlət başçısının fikrincə, Azərbaycan Ordusu aprel döyüşlərində əks-hücum əməliyyatına əlverişsiz mövqelərdən başlayıb.

“Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir”.

Prezident Azərbaycan Ordusunun döyüş qabiliyyətindən danışarkən deyib.

“Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır.

Ilham Əliyev cəbhə xəttində
Ilham Əliyev cəbhə xəttində

Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”.

Dövlət başçısı Azərbaycanın heç bir ölkənin torpağında gözünün olmadığını diqqətə çatdırıb.

“Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi. 1994-cü ilin yanvar ayında da Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir, 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq”, Əliyev ön cəbhədə hərbi qulluqçular qarşısında çıxışında qeyd edib.

XS
SM
MD
LG