Cəbhədə şiddətli atışma olub, itkilər var

Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərə başlayıb

Müdafiə Nazirliyi itkilər barədə məlumat vermir, amma yerli media 8 əsgərin həlak olduğunu bildirir

İyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat Xidməti bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində erməni təxribat qrupunun səngərlərə yaxınlaşması qabaqcadan aşkar edilərək qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib. Mətbuat xidməti itkilər barədə məlumat vermir. Bununla yanaşı, yerli media döyüşdə 8 əsgərin həlak olduğunu yazır.

Mətbuat Xidmətinin digər məlumatında isə deyilir ki, iyulun 31-də Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində ermənilərlə döyüşdə Silahlı Qüvvələrin Qazax rayonundan hərbi xidmətə çağırılmış giziri İsa Almazov şəhid olub.

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi indiyədək itkilər barədə məlumat verməyib. Müdafiə Nazirliyi bir mülki şəxsin yaralandığını bildirir.