Camal Əli: Mülki adamlar məni “başa salırdılar” (Audio)

Martın 17-də həbs edilən rokçu həbs müddətində döyüldüyünü bildirib. Onun yeni mahnısı “Vermişel” Amerikanın Səsində

Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin martın 17-də keçirdiyi mitinqdə tutulan rokçu Camal Əli 10 sutka inzibati həbs cəzasını çəkdikdən sonra azadlığa buraxılıb.

Camal Əli Amerikanın Səsi radiosuna müsahibəsində dindirilmə və həbs müddətində işgəncələrə məruz qaldığını bildirib. “Təcridxanada deyil, Səbayel rayon polis idarəsinin saxlama kamerasında cəzamı çəkdim. Hər gün xüsusi mülki adamlar gəlib məni “başa salırdılar”. Onlar əlləri qandallı halda ayaqlarımın altına və dizlərimə dubinka ilə döyürdülər, şillə və təpiklə döyürdülər. Sonra isə deyirdilər, başa düşdün! Cavab verirdim, “başa düşdüm”, - deyə o qeyd edib.

Rokçu hətta məhkəmə gedən zaman da fiziki təzyiqlərə məruz qaldığını bildirib. “Biz 3 nəfər tutulmuşduq və hər üçümüzü eyni vəkil müdafiə edirdi. Vəkil başqa zala gedən kimi məni döyürdülər”.

Camal Əli dünən azadlığa buraxılıb və o özünü təhlükəsiz hiss etmir. “Təhlükəsiz mühitdə yaşadığıma əmin deyiləm. Ola bilsin ki, bir müddət xaricə gedim”.

O işgəncələrə məruz qalması ilə bağlı şikayət etməyəcəyini deyib.

Rokçu yaradıcılığında davam etməkdədir. Onun son mahnısı “Vermişel” adlanır:

Səhər durdum vermişel yedim,

Günortaya eyni şey yedim

Dedim, axı belə olmaz

Çıxım küçəyə bir şey edim

Məni danışdıqca vurdular,

Polis maşınına doldurdular

AzTV-dən göstərib,

Dedilər quldurdular.

Xatırladaq ki, martın 17-də mitinqdən sonra “Bulustan” qrupunun ifa etdiyi musiqinin sözlərində olan qeyri-etik ifadə qarşıdurma yaradıb. Polis rokçu Camal Əlini, gitaraçı Natiq Kamilovu və “NİDA” Vətəndaş Hərəkatının üzvü, bloqçu Etibar Salmanlını həbs edib. Səbayel Rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı isə 5 sutka inzibati həbsə məhkum edilib.

Öz növbəsində, polis rokçunun dediklərini təkzib edir. “Saxlanan hər hansı şəxsə qarşı fiziki və mənəvi təzyiq edilməyib”, - deyə Səbayel rayon Polis İdarəsinin növbətçi hissəsindən Amerikanın Səsi radiosuna bildiriblər.