“Hesab edirəm ki, bu məhkəmə prosesi barəmdə qaldırılan cinayət təqibinin qondarma olduğunu, günahsız olduğumu sübuta yetirməklə yanaşı, həm də yadfikirliliyi, fərqli düşüncəni boğmaq üçün hüquq-mühafizə orqanlarından, məhkəmədən bir vasitə kimi istifadə olunduğunu bir daha təsdiqlədi”. Bu barədə Gəncə şəhər Nizami rayon məhkəməsində məhkəmə prosesi davam edən Bəxtiyar Hacıyevin məhkəmədə bu gün imtina etdiyi çıxışında deyilir. Cənab Hacıyevin çıxışının mətnini ona dəstək kampaniyası Facebook sosial şəbəkəsində yayıb.
Cənab Hacıyev həbsini sifariş adlandırır. “Bu sifariş sahiblərinin iki əsas məqsədi var: ölkədəki azad düşüncəli, vicdanlı, təhsilli, ictimai maraqları öz maraqlarından üstün tutan, dəyişikliklər uğrunda çalışan gənclərdən ibarət yeni dalğanın qarşısını almaq üçün xüsusi fəallığı ilə seçilənlərin bəzilərini saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməklə digər gəncləri qorxutmaq”.
Onun fikrincə, belə həbslər əks effekt verir. “2009-cu ildə gənc fəallar Emin Milli və Adnan Hacizadənin həbsi bunun əksinin baş verdiyini göstərdi. Həbsin sifarişçiləri ölkə və beynəlxalq ictimaiyyət qarşısında özlərini nüfuzdan saldılar, kəskin tənqidə məruz qaldılar. Bu həbslər azadlığı əlindən alınmış gənc fəallara ictimai simpatiyanı artırdı. Emin və Adnanın həbsi gəncləri qorxutmadı, əksinə, onları yeni enerji ilə mübarizəyə ruhlandırdı”.
B.Hacıyev deyir ki, Emin Milli və Adnan Hacızadə həbs ediləndə ABŞ-da olub. “Azərbaycana qayıdıb seçkilərdə iştirak etməyin çox riskli olduğunu, hər an həbs oluna biləcəyimi, professional karyeramda, maddi vəziyyətimdə, şəxsi həyatımda əhəmiyyətli geriləmə və itkilərin mümkünlüyünü dərk edirdim. Lakin Emin və Adnanın həbsi bir çox digər gənclər kimi mənim də üzərimə mənəvi bir yük qoydu: onların ölkədə ictimai maraqlar naminə, dəyişikliklər uğrunda apardıqları mübarizəni davam etdirmək”.
O hesab edir ki, yeni nəslin nümayəndələri olan gənclərin əsas məqsədi Azərbaycanda qanunun aliliyinə, insan hüquqlarına hörmət edilən, ədalətli, vətəndaşların azad və firavan yaşadıqları bir cəmiyyət qurmaqdır. “Bu gün dünyada inkişaf etmiş bütün cəmiyyətlər bu yolu keçiblər. Həmin ölkələrdə də ədalətə çağırış edənləri, azadlıq tələb edənləri həbs və ya sürgün ediblər, bir çoxlarını öldürüblər. Həmin ölkələrdə müsbət dəyişikliklər cəsarətli insanların davamlı mübarizəsi nəticəsində baş verib. Bu insanlar öz adlarını tarixə və ölkələrinin sadə vətəndaşlarının qəlblərinə yazıblar”.
Cənab Hacıyev qeyd edir ki, siyasi sifariş olan bir işdə ədalətli nəticəyə inamım az olsa da, bu fikirləri məhkəmə qarşısında səsləndirməyi vacib sayır. O məhkəmə heyətinə müraciətlə bildirir. “Sifarişin icrasından imtina etməklə siz həmkarlarınızı bu cür təhqiramiz duruma etiraz etməyə ruhlandıra bilərsiniz, bu addım məhkəmələrimizin müstəqilliyi yolunda çox ciddi hadisəyə çevrilə bilər. Bu addım həmçinin sovet təfəkkürü ilə ölkəni idarə edənlərin Azərbaycan Ordusundan opponentlərinə qarşı cəza aparatı kimi istifadə etməsi praktikasına ciddi zərbə vura bilər. Məndən əvvəl də bir çox şəxsləri müvəqqəti və ya davamlı zərərsizləşdirmək, mənəvi baxımdan sındırmaq, yaxud məhv etmək üçün hərbi xidmətdən vasitə kimi istifadə edilib, buna etiraz edənləri, müqavimət göstərənləri rəsmi təbliğatın köməyi ilə ictimai qınaq obyektinə çeviriblər, ictimai rəydə qeyri-vətənpərvər kimi təqdim ediblər. Biz, fərqli düşünən gənclər hesab edirik ki, vətənpərvərlik yalnız Vətənin torpağını, daşını yox, həm də vətəndaşını, onun hüquqlarını qorumaqdır. Məhz buna görə də gənclərimizin daha keyfiyyətli təhsil almasına, vətəndaşlarımızın maariflənməsinə, hüquq dövlətinin qurulmasına, ölkəmizin maraqlarını beynəlxalq aləmdə qorumağa çalışırıq”.
O ittiham olunduğum maddə üçün Cinayət Məcəlləsində iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğunu bildirir. “Siz mənim qollarımı qandallı ictimaiyyət qarşısına çıxara bilərsiniz, məni zindana ata bilərsiniz, amma azadlığımı əlimdən ala bilməzsiniz. Çünki azadlıq insanın ruhunda, mənəviyyatında, düşüncəsindədir. Onları isə həbs etmək mümkün deyil".