“Mülkiyyət hüquqları anlayışı bibliya dövrünə gedib çıxır və bu hüquqlar sonradan xristian dini tərəfindən ötürülüb və transformasiya olunub. Hibranilərin avtokratiyaya olan nifrəti – hətta özününkünə belə – Misirdə, səhrada təşəkkül tapmışdı. Sizə iki nümunə verim ki, orada xalqın haqqı birbaşa mülkiyyətin müqəddəsliyi ilə calanıb. Kahin Korax Musaya qarşı səhrada üsyan qaldıranda, Musa özünü ittihamlara qarşı belə müdafiə edirdi: ‘Mən onların ulağını yağmalamamışam, heç birinin haqqını yeməmişəm’ (Rəqəmlər 16:15). Oxşar şəkildə, Torpaqda qərar tutan israillilər özlərinə kral istəyəndə, peyğəmbər Samuel onların arzusunu yerinə yetirir, amma bunun fəsadlarından xəbərdar edir. O, onlara deyir ki, kral peyğəmbər Samuel kimi olmayacaq. ‘Kimin öküzünü əlindən almışam, yaxud ulağını götürmüşəm?’ (I Samuel 12:3).
Bu ənənə israilliləri ətraflarında olan başqa səltənətlərdən fərqli edirdi və elə bu üzdən də ətrafdakı hökmdarlar onlara nifrət edirdilər. Belə nadürüstlər kimə lazımdır axı? Xristian dini təşəkkül tapdıqca kilsənin formalaşmasında bu mühüm dərs tez-tez mənasını itirmiş olurdu, ələlxüsus Kilsə imperiyanın rəsmi dininə çevrildikdən sonra. Heç kim onu yedirdən əli dişləməz. Bundan əlavə, dinin əsas mesajı toplumlara yayılmırdı, yalnız imtiyazlı ruhanilər İncili oxuya bilirdilər. Əhdi Cədid özünün eqalitar qaydaları və dəyərləri, hakimiyyətə qarşı dirənişi, yoxsulları alqışlaması ilə mömin toplum arasında intizamı pozur və dünyəvi hökmdarlarla anlaşılmazlıq yaradırdı. Mesaj xalqa yalnız senzuradan keçdikdən sonra ötürülürdü. O üzdən də Valdensiyalılar (Valdo, 1175), Lollardlar (Viklif, 1376), Lüterianlar (1519 və s.) və Kalvinistlər (16-cı əsrin ortaları) və onların fərdi dinə çağırışı, İncilin insanların başa düşə bildiyi dilə tərcümə edilməsi ilə Yudeo-Xristian ənənəsi açıq şəkildə Avropa siyasi şüuruna daxil oldu və hökmdarlara xatırlatdı ki, onlar yalnız yaxşı davranmaq şərti ilə öz varidatlarına və Allahın bəxş etdiyi hakimiyyətə sahib qala bilərlər. Çox əlverişsiz bir doktrina.
Hətta Qərbdəki qədim xristianlıq da yer üzünün hökmdarlarının ambisiyalarına sipər çəkirdi (Şərqdəki Kilsə heç zaman Bizans Sezarlarına cavab qaytarmağa cürət etmirdi). Bununla da o, dolayı yolla şəxsi mülkiyyəti qoruyurdu. Kilsənin hakimiyyətə iddiaları artdıqca o, hər şeyin sahibinin Allah olduğunu təsbit edən qədim yudaizm prinsipini təşviq etməyə başladı, belə ki, Allahın yerdəki nümayəndəsi papa sayılırdı. Yer üzünün hökmdarları istədiklərini edə bilməzdilər və hətta Allahı təmsil edən Kilsə də özbaşına qaydada hüquqları poza bilməzdi. Möminlərin verdikləri hədiyyələrin detallı şəkildə sənədləşdirilməsi yaxşı praktika və düzgün prosedur öhdəliklərinin göstəriciləri idi.
Bütün bunlar Avropanı yerdə qalan sivilizasiyalardan fərqli etdi.
Çində, hətta idarəçi malı yağmalamayanda da, ən azı ona nəzarət edir, nizamlayır və basqılara məruz qoyurdu. Hakimiyyət xoş məramdan, düzgün münasibətdən, şəxsi keyfiyyətdən asılı olmamalıdır. Bizim eradan üç əsr əvvəl çinli moralist şahzadəyə necə idarə etməyi deyirdi – öz təəbələrinin rəğbətini qazanmaqla yox, onların itaətkarlığını təmin etməklə. Şahzadə hər şeyi görə və eşidə bilməz. Ona görə də, o, bütün imperiyanı öz gözlərinə və qulaqlarına çevirməlidir. ‘Hərçənd ki, o, sarayının ən dərin guşəsinə çəkilib, heç nə ondan gizlənmir, heç nə onun sayıq nəzərindən qaçmır.’ Belə bir sistem canlı gözlərin və qulaqların vicdanından və qabiliyyətindən asılıdır. Hökmdar yalançılıqlarının və riyakarlıqlarının həddi-hüdudu olmayan iddialı subordinatların mərhəmətindədir. Avtokratiyanın zəifliyi məhz xam insan materialındadır. Xoşbəxtlikdən.”
David S. Landes Millətlərin Var-Dövləti və Səfaləti: Niyə Bəziləri Belə Varlıdır, Niyə Bəziləri Yoxsul