Accessibility links

Bloq: Hüquq Nədir?


Hüquq – müasir dönəmdə bəlkə ən çox rast gəlinən ifadədir. “Bu, mənim hüququmdur!” “Sənin bunu etməyə hüququn yoxdur!” “Kimin hüququ var ki, belə iş tutsun?” “Sənə heç kim bu hüququ verməyib!” Çoxlarına maraqlı görünər ki, demokratiyanın beşiyi sayılan Amerikada da hüquq anlayışı və onun hüdudları üzərində debatlar davam edir.

Bu yaxınlarda ABŞ prezidentliyi uğrunda yarışda qadınların sığorta şirkətlərindən kontraseptiv – yəni, hamililəyiə qarşı həblərə dotasiya tələb etmək haqqı əsl qalmaqala səbəb olub. Obama administrasiyasının ilk öncə bütün sığorta şirkətlərindən kontraseptivi maliyyələşdirməyi tələb etməsi bu praktikaya qarşı çıxan katolikləri əməllicə qəzəbləndirdi. Bir tərəfdən qadınlar kontraseptiv almağı hüquq kimi dəyərləndirərək ona sığorta praktikasında yer verilməsini tələb edir, o biri tərəfdə isə dindarlar Konqresin dinlərə müdaxilə etməyəcəyi barədə Konstitutsiyanın birinci düzləşini əsas gətirərək dövlətin dini təsisatlara müdaxiləsini hüquq pozuntusu kimi qiymətləndirirlər.

“Zənnimcə Obama ilə amerikalı katoliklər arasındakı bu mübahisə Qərbin hüquqla bağlı üzləşdiyi mübarizəni mükəmməl təsvir edir,” deyə libertar təmayüllü Mark Steyn yazır. İnsan haqları anlayışını 1215-ci ildə İngiltərədə kralla zadəganlar arasında imzalanmış Magna Carta Libertatum sənədinə əsaslandıran Steyn deyir: “O vaxtlar, insan haqları insanların haqları idi – yəni o haqlar ki, onları kral poza bilməz. Əsas bu hüquqlardır – kralın səlahiyyətinə tətbiq edilən məhdudiyyətlər. Həmin olayın üstündən səkkiz əsr keçmiş biz bu prinsipi tamam tərsinə çevirmişik. “Hüquqlar” indi kralın öz təəbələrinə bəxş etdiyi hədiyyələrə çevrilib – pulsuz səhiyyə xidməti hüququ, ucuz ev almaq hüququ və yaxud Avropa Konstitutsiyasında təsbit edildiyi kimi işə yerləşdirilmə hüququ… Avropa İttifaqının Fundamental Hüquqlara dair 14-cü maddəsində yazılıb ki, hər kəsin icbari pulsuz təhsil hüququ var.” İcbari hara, hüquq hara? Demək, hökumət bu hüququ məcburən sənin boynuna qoyur.

Steyn hesab edir ki, Qərb dövlətlərinin idarəçi zümrəsi vətəndaşların rifahlarına xidmət etmək arqumenti altında hüquqlar bufeti yaradıblar. Nə istəyirsən, götür. Bu psevdo-hüuquqların çoxalması öz növbəsində dövlət sektorunun gün-gündən böyüməsi ilə müşayiət olunur ki, insanlara pay verilən bu hüquqları təmin etmək üçün nəhəng bürokratik sistem mövcud olsun. Söz azadlığı və ya din azadlığı kimi başqa hüquqlardan fərqli olaraq bu yeni hüquqlar cəmiyyətə çox baha başa gəlir. Dünyada heç bir millət yoxdur ki, o daim vətəndaşlarına havayı şeylər bəxş etsin. İspaniyanın dövlət borcu adambaşı $18,000, Fransanınkı $33,000, Yunanıstanınkı $39,000, ABŞ-ınkı isə $44,215-a çatıb. Bu rəqəmlər onu aydın edir ki, bütün bu havayı şeylər əslində həqiqi azadlıqlarımızı satın alaraq gələcəyimizi təhkim edir.

Hüquqların material imtiyazlarla eyniləşdirilməsi həqiqi azadlıqları özündə ehtiva edən hüquq anlayışını təhrif edir. O hökumət ki, sənə hər şeyi verə bilər, o, səndən hər şeyi də ala bilər. İnsanlarsa başa düşməlidirlər ki, hüquq deyəndə əsas söhbət bizim nə edə biləcəyimizdən çox, kralın nə edə bilməyəcəyindən gedir.

XS
SM
MD
LG