Accessibility links

Bloq: Amerikasız Dünya Necə Olardı?


Bloq: Amerikasız Dünya Necə Olardı?
Bloq: Amerikasız Dünya Necə Olardı?

“Tarix göstərir ki, dünya düzənləri dəyişkəndir. Dövlətlər qalxır və çökür – eləcə də onların qurduqları inanclar, normalar və iqtisadi sistem,” politoloq Robert Kagan “Niyə Dünyaya Amerika Lazımdır” başlıqlı məqaləsində yazır. Onun sözlərinə görə bir vaxtlar Roma İmperiyası nəhəng bir əraziyə sabit idarəçilik və hüquq sistemləri bəxş etmişdi. Romanın çöküşü ilə bu sistem də məhv oldu və Avropa orta əsrlərin zülmətinə qərq oldu. Eyni sözləri dağıdıcı Napoleon müharibələriin ardınca dirçələn Britaniya İmperiyası haqda demək olar. Britaniyanın dalğalara hökmranlıq etdiyi bir əsrlik periodda firavanlıq artdı, şəxsi azadlıqlar genişləndi və dünyada ticari-kommunikasiya inqilabı baş verdi. 1914-cü ildə Birinci Dünya Müharibəsinin gəlişi ilə liberalizmin irəliləyişi dayandı; ultra-millətçilik, despotizm və iqtisadi fəlakət 20-ci əsrin normasına çevrildi. Yüz milyonlarla adam müharibələrdə və aclıqdan tələf oldular.

“Bəs, Amerikanın dominantlıq etdiyi eranın bitməsi necə? Fəlakətsiz ötüşəcəkmi?” Kagan sual edir. Amerikanın özündə çox sayda intellektual və siyasətçi hesab edir ki, Birləşmiş Ştatların hegemonluğu artıq bitmək üzrədir. Onlar habelə düşünürlər ki, Amerikanın dominantlığının sona çatması beynəlxalq düzənin sonu demək deyil. “Amerikanın qüvvəsi azala bilər, amma beynəlxalq liberal düzənin dayaqları möhkəmdir,” deyə G. John Ikenberry yazır. Şərhçi Fərid Zəkəriyyə də durmadan post-Amerika dünyası haqda danışır, sanki biz artıq bu eraya daxil olmuşuq, yaxud da bu, tamamilə normal bir şeydir.

Kagan bu fikirlə qətiyyən razılaşmır: “Hazırkı dünya düzənini Amerikanın qüdrəti yaradıb və bu düzən Amerikanın maraqlarını və dəyərlərini əks etdirir. Əgər qüvvə balansı başqa millətlərin xeyrinə dəyişsə onda qlobal düzən onların maraqlarını və dəyərlərini əks etdirəcək.” Götürək elə demokratiya məsələsini. Post-Amerika dünyasında bu balans avtokratik rejimlərin xeyrinə dəyişəcək. Baxın, Moskva və Pekin əllərindən gələni edirlər ki, Suriyada xalqın qanını tökən Bəşar əl-Əsəd hakimiyyətdə qalsın. Əgər bu kimi dövlətlər dünya düzənində rəhbər mövqe tutsalar onda avtokratiya cərəyanı heç şübhəsiz güclənəcək. O, ki qaldı Braziliya, Hindistan və ya Türkiyə kimi demokratik qüdrətlərə, onların dünya düzəninin liberallaşması üçün nə kifayət qədər iradələri, nə də imkanları var.

Bəziləri gün-gündən varlanan Çinin hazırkı düzənin qorunub saxlanmasında maraqları olduğunu iddia edir. Amma nəzərə alınmır ki, istər iqtisadi, istərsə də siyasi baxımdan Çin qapalı cəmiyyətdir. Çinin nəhəng iqtisadi qüdrət olmasına baxmayaraq, adambaşı ümumdaxili məhsul Amerika, Yaponiya və Almaniyada $40,000 olduğu halda Çində bu rəqəm cəmi $4,000 təşkil edir. Orta çinlinin gəliri Anqola, Əlcəzair və ya Belizdə yaşayan adamın gəliri ilə bərabər səviyyədədir. Orada hökumət var-dövlətdən istifadə edərək repressiya aparatının gücləndirilməsinə çalışır, pul əsasən hərbi və polis qüvvələrinin saxlanmasına sərf olunur. Siyasi azadlıq olmayan yerdə iqtisadi azadlıq da ola bilməz. Və Çin bu dəyərləri özü ilə bərabər dünya düzəninə gətirir.

Multipolyar dünya düzənini təşviq edən adamlar 19-cu əsrdə qüdrətlərin bir-birləri ilə müntəzəm müharibə etdikləri dövrü xatırlamaq istəmirlər. 1853-56-cı illərdə Krım Müharibəsində bir milyondan çox rus, türk, fransız və britaniyalı vuruşdu. Həmin müharibədə azı yarım milyon adam qırıldı. Oxşar təlafat statistikası Fransa-Prusiya müharibəsində (1870-71) də qeydə alındı. Bu toqquşmaların doğurduğu gərginliklər Birinci Dünya Müharibəsi ilə kulminasiya nöqtəsinə yetişdi. “Multipolyar düzənin 21-ci əsrdə dünyaya daha çox sülh və əmin-amanlıq gətirəcəyinə inanmaq üçün ciddi əsas yoxdur. Amerikanın dominantlığı sübut edir ki, böyük qüdrətlər arasında sülhün saxlanması üçün kimin birinci yerdə getməsinin böyük əhəmiyyəti var,” Kagan yazısını bitirir.

XS
SM
MD
LG