“Tarix təkcə cəsur hərəkətlər üzərində qurulmayıb. Xalqın mahiyyəti burada böyük rol oynayır, və Atstek imperiyası dərin səbəblər üzündən dağıldı. Onlardan ən mühümü xərac imperiyalarının təbiəti ilə səciyyələnir ki, bu, əhali arasında möhkəm həmrəyliyi olan milli dövlətlərdən fərqlənir. Biz/Onlar anlamı daxildəkiləri xaricilərdən deyil, idarəçiləri idarə olunanlardan və qrupun bir üzvünü o birindən ayırır. Bu növ dövlətlər çılpaq qüdrətin ifadəsidir. Onlar heç bir dərin loyallığa əsaslanmır, heç bir legitimliyə sahib olmur; zor və hədə-qorxu gücünə xalqın mal-mülkünü talayır. Hərçənd ki, onlarda qüdrət görüntüsü var, əslində bu, sadəcə görüntüdür. Ona görə toplum daim bir dəstə tiranın başqası ilə əvəzlənəcəyinə, və bununla bəlkə vəziyyətinin yaxşılaşacağına ümid bəsləyir. Reallıqda bu konstruksiyalar parıltıdan, mənasız dəb-dəbədən başqa bir şey deyil. Onların möhkəmliyi də yumurta qabığını xatırladır…
Bütün qüdrət və şöhrət görüntüsünə baxmayaraq Atstek imperiyası lələklərdən düzəldilmiş ev idi. Tiraniyasına görə nifrət olunan və daxildən parçalanmış qurum ispanlar gələndə artıq dağılmaq üzrə idi. Nifrətin səviyyəsi o qədər yüksək idi ki, konkistador Hernando Kortez yeni dünyada özünə müttəfiqlər tapmaqda çətinlik çəkmədi. Onların köməyi olmadan kiçik ispan qüvvəsi sahildən dağları aşıb Meksika vadisinə daxil ola bilməzdi…
Eyni sözləri cənubdakı İnka İmperiyası haqda da demək olar.
İspanlarla görüşə gələn bər-bəzəkli bayram libasları geymiş minlərlə inkalı təmtəraqla meydana daxil oldular. İmperator Atahualpa bir qrup inkalının çiyinlərində daşınırdı. İspan keşiş onlara tərəf irəliləyərk imperatora İncili təqdim etdi. Atahualpa kitabı açdı, o tərəf-bu tərəfinə baxdı və yerə tulladı. Keşiş dərhal dəstəbaşı Pizarroya tərəf qaçdı. “Çıxın, çıxın! Gəlin, bu Allahı rədd edən itləri qırın!” Bunun ardınca hücuma keçən ispanlar bir neçə min hindunu elə yerindəcə qılıncdan keçirdilər. İspan süvarilər əsasən ən parıltılı paltar geymiş elita üzvlərini hədəf alırdılar.
Atahualpa özü lüt halda əsir götürüldü. İspanlar heç Avropa krallarının ödəyə bilməyəcəkləri həcmdə girov pulu tələb etdilər – bir otaq döşəmədən tavandək doldurulmuş qızıl! Əlbəttə ki, hindular bunu ödədilər. Amma ispanlar Atahualpanı buraxmadılar. İnka liderini İspan kralına (!) itaətsizlikdə ittiham edərək öldürdülər. İnkalıların bər-bəzəkli liderini öldürməklə də İnka İmperiyasının axırına çıxdılar.
Qısa mövcudluğu dönəmində İnka İmperiyası insanları bir ərazidə birləşdirdi və hazırda And vadisinin sakinləri tərəfindən danışılan kueçua dilini ümumi dilə çevirdi. İnqilabçı Che Guevara sonradan bu dili öyrənərək ondan siyasi mübarizədə hindular arasında dəstək toplamaq üçün istifadə edirdi. Ama İnka “sülhü” heç də qayda-qanun və harmoniya demək deyildi. Belə görünür ki, hindular çox səbrli və itaətkar idilər, amma alkohollu içkilərə və narkotikaya üz tutmaq həmişə pis əlamətdir. Bu simptomların çoxu məhəbbətsiz böyüyən uşaqlarda müşahidə olunur: o körpəni heç vaxt əzizləməmişdilər, onu qucaqda tutub süd verməmişdilər. Bu mədəniyyət sadə insanı təşəbbüsdən, avtonomiyadan və şəxisyyətdən məhrum edən bir mədəniyyət idi.”
David S. Landes Millətlərin Var-Dövləti və Səfaləti: Niyə Bəziləri Belə Varlıdır, Niyə Bəziləri Yoxsul