Bloq: Reallıq Hissini İtirmiş Kraliça

  • Əsgər Möhsümoğlu

Bloq: Reallıq Hissini İtirmiş Kraliça

“Sabiq birinci xanım Suzan Mübarək Misiri pərdə arxasından idarə edir, onun səfalətindən bəhrələnirdi. İnqilabdan bir il ötmüş o, hələ də cah-cəlal içərisində yaşayır,” Newsweek məcmuəsinin müxbiri Syuzi Hansen yazır. Reallıq hissini itirmiş birinci xanm hakimiyyətin sonuncu gününədək böhranın ifrat həddə çatdığına inanmırdı. “O, telefonda çox sakit danışırdı,” deyə rəfiqəsi Fərxundə Həsən xatırlayır.

Suzan Mübarəkin tərəfdarları ilə danışmaq Ərəb Baharından öncə Misirdə birinci xanım olmaq haqda ətraflı təsəvvür yaradır: Özündən razı, reallıqdan uzaq, insanlarla bütün təmasları itirmiş bir obraz canlanır. Ərinin hakimiyyətdə olduğu illərdə səfalət içərisində sürünən Qahirəni Suzan qızıl açar deşiyindən müşahidə edirdi – nəyi görmək istəyirdi, onu da görürdü. Əgər sən royal kanvoydasansa onda sənin nəzərində Qahirə tər-təmiz idi, misirlilər də xoşbəxt.

Uzun müddət hətta Qərb mətbuatında da Misirin birinci xanımı aristokrat, xeyirxah bir şəxsiyyət kimi tanınır və ölkəsinin üzləşdiyi bəlalardan uzaq tutulurdu. Amma həqiqətdə Suzan diktator ərinin arxasında sadəlövh qadın yox, rejim gücləndikcə orada əsas mövqelərdən birini tutan fiqura çevrilmişdi. Bir feminist deyir: “Suzan rejimlə əlaqəli deyildi. O, rejimin özü idi.” Sabiq ABŞ rəsmisinin sözlərinə görə Mübarək qocaldıqca Suzan idarəçilikdə əsas rol oynamağa başladı ki, bu, da özünü daha çox mənfi mənada büruzə verməyə başladı. Bizə aydın idi ki, siyasi islahatlara qarşı çıxan əsas adam Hüsnü Mübarək yox, onun xanımı Suzan Mübarək idi.”

Orta sinifdən çıxmış və bir vaxtlar təyyarə bələdçisi olmağı arzulayan Suzan Mübarəkin bəxti onda gətirdi ki, az adamın tanıdığı hərbçi ilə ailə həyatı qurdu. Ənvər Sadatın qətlindən sonra hakimiyyət zirvəsinə yüksələn Mübarəklər vaxt keçdikcə milyardlarla dollara sahib oldular. İlk öncə həbs olunan Suzan sonrada 3.4 milyon dollarlıq villasını təhvil vermək müqabilində azad edildi. Amma varidatları milyardlarla ölçülən Suzanın hələ də pul içində üzdüyü deyilir. Deyilənlərə görə, o, və onun yaxın ətrafı hələ də inqilabın hansı səbəbdən baş verdiyini anlamırlar və özlərindən başqa hamını günahkar çıxarırlar.

Ən qəribəsi odur ki, Qahirə küçələrini dolaşdıqca Newsweek müxbiri əslində misirilərin Suzan Mübarək haqda heç nə bilmədiklərini müşahidə edir. Mübarəklər şəxsiyyət deyildilər. Onlar heç bir istedada malik deyildilər və onlar haqda xatırlayası heç nə yoxdur. “Həqiqət budur ki, onlar orta intellektli adamlar idi,” bir kişi dillənir. “Əgər Suzanı küçədə görsəydim sifətinə bir yumruq vurardım.”