Bu gün minlərlə misirli Qahirənin Təhrir meydanına toplaşaraq, prezident Hüsnü Mübarəkin hakimiyyətinə son qoyan hərəkatın ildönümünü qeyd edib. Bəziləri dəyişiklikləri bayram edib, digərləri isə mübarizənin hələ başa çatmadığını bildirib. Nümayişçilər hakim hərbi şuranın istefasını tələb edərək, hakimiyyətin sivil cəmiyyətə keçidinə çağırıb.
Tunis inqilabından ruhlanan Misir hərəkatının mərkəzi Təhrir meydanı olub. Nümayişçilər ötən ilin yanvar ayının 25-də siyasi və iqtisadi islahatlar tələbi ilə hərəkata məhz buradan başlayıb.
18 gün davam edən qanlı qarşıdurmalar hakimiyyətin milli şuraya keçidini təmin edib. İslamçıların əksəriyyət təşkil etdiyi yeni parlament bazar ertəsi keçirdiyi ilk toplantısında hərbi şuranın iyul ayı prezident seçkilərindən sonra hakimiyyəti təhvil verəcəyinə söz verib. Şuranın rəhbəri Hüseyn Təntavi bildirib ki, bu gündən etibarən 30 illik fövqəladə vəziyyət tədricən aradan qaldırılacaq.
İnsan Hüquqları qrupları və ABŞ da daxil edilməklə, bir sıra ölkələr Misirə fövqəladə vəziyyətin ləğvi ilə bağlı təzyiqlər göstərir.
Feldmarşal Təntavi milli televiziya ilə müraciəti zamanı bildirib ki, banditizmə son qoyulduğu təqdirdə, fövqəladə vəziyyət qaldırılacaq.
Misirdə fövqəladə vəziyyət 1981-ci ildə prezident Ənvər Sədatın sui-qəsdindən sonra qüvvədədir.
Xalqın etirazına səbəb olan bu qanun toplaşma hüququnu yasaqlamaqla yanaşı, ittihamsız həbslər, mülki vətəndaşların hərbi məhkəmələrdə mühakiməsinə imkan yaradıb. İnsan hüquqları qrupları bunların beynəlxalq standartlara zidd olduğunu deyir.
Hərbi şura ötən il qəbul etdiyi qanunun müddətini uzadıb. Bu qanuna əsasən nümayişlər, milli təhlükəsizliyə hədə törədən məlumatların yayılması və tətillər qadağandır.
Misirin sabiq prezidenti Hüsnü Mübarək isə korrupsiya və günahsız nümayişçilərin qətlləri kimi ittihamlar altında məhkəmə qarşısına çıxarılıb. Günahsız olduğunu bildirən eks prezident ölüm hokmü ilə üzləşə bilər.