1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan bloger Rəşad Ramazanov psixoloji təzyiqə məruz qalır.
Bu barədə Amerikanın Səsinə onun həyat yoldaşı Könül İsmayılova bildirib.
Onun sözlərinə görə, təzyiq digər məhbusları Rəşada qarşı qoyan təcridxana personalı tərəfindən başlanıb.
"İstintaq təcridxanasında töycü sistemi var, hər şey üçün məhbuslardan pul tələb edirlər. Rəşad ödəməkdən imtina edir, ona görə də məhkumları ona qarşı qoyurlar, ona problem yaradırlar.
Onun iki kamera yoldaşı administrasiya ilə əməkdaşlıq edir və onlar daim Rəşadı incidirlər, onu təhqirlərə təhrik edirlər.
Bir ay öncə Penitensiar Xidmətin "qaynar xətt"inə şikayət etdim, bundan sonra Rəşada təzyiqlər artdı", İsmayılova deyib.
Onun sözlərinə görə, fevralın 9-da Rəşadı və onun kamera yoldaşlarını qısa müddətdə cərimə təcridxanasına (karser) saldılar.
"Məhbuslara işarə ediblər ki, onları Rəşada görə cəzalandırıblar. Bundan sonra Rəşad və kamera yoldaşları arasında münaqişə yaranıb", İsmayılova qeyd edib.
Öz növbəsində Penitensiar Xidmətdin İctimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildiriblər ki, İsmayılovanın dedikləri "həqiqətə uyğun deyil" və Ramazanovun heç bir problemi yoxdur.
Rəşad Ramazanov 2022-ci il mayın 20-də saxlanılıb, ertəsi gün onun baərsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilibb. Onu 5 ildən 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.
Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Rəşad Ramazanov 2013-cü ilin mayında da həbs edilib və külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunaraq 9 il müddətinə mühakimə olunub. Yerli hüquq-müdafiə təşkilatları həbsin əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyətin tənqidi olduğunu bildirərək Ramazanovu siyasi məhbus kimi tanıyıblar. 2019-cu ilin martında dövlət başçısı tərəfindən əfv edilib.