Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub.
118 seçki dairəsi üzrə 1607 bələdiyyənin hamısı formalaşıb, 15035 lider namizəd müəyyənləşib. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Pənahovun sözlərinə görə 118 dairə seçki dairəsi üzrə 5015 məntəqəin hamısındanprotokollar MSK-ya daxil olub. O deyib ki, seçicilərin fəallığı 39 faizə yaxın olub. "Dünənki seçkilərdə seçicilərin seçki prosesinə ciddi marağı olub. Seçkilərdə 1 milyon 876 min 14 nəfər iştirak edib ki, bu da kifayət qədər yüksək rəqəmdir. Bu, ötən bələdiyyə seçkiləri ilə müqayisədə 6-7 faiz çoxdur".
Onun sözlərinə görə, bütün seçki məntəqələtində bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib.
MSK sədri bələdiyyə seçkilərində müşahidəçilər və KİV nümayəndələri ilə bağlı xoşagəlməz halların demək olar ki, olmadığını da bildirib.
M.Pənahov həmçinin bildirib ki, sosial şəbəkələrdə yayılan kadrlar MSK-da araşdırılacaq. Seçki Məcəlləsinin tələbinə əsasən, MSK 20 gün ərzində daxil olacaq müraciətləri araşdıracaq və yekun protokollarla seçkilərə yekun vuracaq.
“Seçkilərdə 1 yerə 2,5 namizədin olması böyük göstəricidir. Seçicilərin aktivliyini də nəzərə alsaq, bu, Azərbaycan vətəndaşlarının müstəqil dövlətlərinə etimadının göstəricisidir. Artıq seçki ilə bağlı səsvermə də daxil olmaqla, böyük mərhələ arxada qalıb. Qısa müddətdə seçkiyə yekun vuracağıq”, o qeyd edib.