Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunlarını açıqlayıb. Bazar ertəsi keçirilən iclasda MSK 43 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib (ümumilikdə 5 mindən çox seçki məntəqəsi var).
Bunun nəticəsində 8 bələdiyyədə - Arabaşlı (50-ci Abşeron-Qobustan dairəsi), Uzunboyat və Sadan (hər ikisi 54-cü Şabran-Siyəzən dairəsi), Musakuçə (70-ci Masallı şəhər dairəsi), Saqlaser (75-ci Lənkəran-Masallı dairəsi), Alpout (94-cü Bərdə kənd dairəsi), Soyulan (95-ci Tərtər dairəsi) və Nizami (96-1-ci Nizami-Naftalan dairəsi) bələdiyyələrinə seçkilərin nəticələri ləğv edilib.
MSK sədri Məzahir Pənahovun fikrincə, “bir sıra sahə seçki komissiyalarının qəsdən və ya bilmədən öz öhdəliklərini qeyri-peşəkar icra etdiyi azsaylı xoşagəlməz hadisələri nəzərə almasaq”, seçkilər yüksək səviyyədə təşkil edilib.
O, 15-ci Yasamal birinci seçki dairəsinin 12-ci seçki məntəqəsinin seçki komissiyasının yenidən formalaşdırıldığını bildirib.
“Namizədlərin qeydiyyatında heç bir problem olmayıb. KİV-in seçkiləri müşahidə etməsi əvvəldən sonadək sərbəst olub, bununla bağlı MSK-ya heç bir şikayət daxil olmayıb”, Pənahov bildirib.
Xatırladaq ki, dekabrın 23-də məhz 15-ci seçki dairəsində Meydan TV-nin müxbirləri bülletenlərin topa şəkildə atılması kimi kobud pozuntu faktları çəkiblər.
İclasda MSK üzvü Akif Qurbanov “kütləvi qanun pozuntuları ilə əlaqədar” bələdiyyə seçkilərinin nəticələrini tamamilə ləğv etməyi təklif edib. Lakin son nəticədə seçkilərin nəticələri haqqında protokol 15 “lehinə” və 2 “əleyhinə” səslə qəbul edilib.
Xatırladaq ki, 1607 bələdiyyədə 15035 yer uğrunda 37 min namizəd mübarizə aparıb.