Azərbaycan Milli Dirəniş Təşkilatının təmsilçisi Babək Çələbiyanlı Amerikanın Səsi ilə söhbətdə milli hərəkata mənsub qüvvələr arasında birləşmə və əməkdaşlıq təşəbbüslərini şərh edib.
Your browser doesn’t support HTML5
Çələbiyanlı deyir ki, İran Azərbaycanında hərəkata mənsub bütün qüvvələr birliyin zərurətindən danışsalar da, bu günədək kifayət qədər nailiyyət əldə edilməyib. O, eyni zamanda yaxın gələcəkdə güclü birliklərin təşkil olunacağına ümidli olduğunu ifadə edir.
Bu da bir həqiqətdir ki, Azərbaycan Milli Hərəkatının fəalları siyasi təşkilatlara o qədər yaxınlaşmırlar.
“Hər kəs birlik məsələsinin zərurətindən, vacibliyindən danışır. Amma, əməldə baxdığımızda hazırda bu məsələ ilə bağlı elə də gərəkli bir nailiyyət əldə etmiş deyilik. Əslində bu da bir gerçəkdir ki, Azərbaycan Milli Hərəkatının fəalları siyasi təşkilatlara o qədər yaxınlaşmırlar,” siyasi fəal söyləyir.
ABŞ-da yaşayan siyasi fəal əsas tələblər etibarı ilə Güney təşkilatları arasında ciddi fərqlər görmədiyini önə çəkir:
“Azərbaycan Milli Hərəkatı çərçivəsində baxdığımızda, bunların məramnaməsinə, nizamnaməsinə diqqət etdiyimizdə o qədər də fərq görmək olmur. Hamısı Azərbaycan mehvərli olub, Azərbaycana saədət və yaxşı gələcək arzu edən təşkilatlardır.”
SEE ALSO: Oğuz Türk: "Birləşmə və ittifaqlaşma özü-özlüyündə müsbət bir şey deyil"Keçən günlərdə siyasi fəal Oğuz Türk Amerikanın Səsinə müsahibədə Güney təşkilatlarını “İrançı və ya Azərbaycançı təşkilatlar” olaraq ayırmışdı.
Məncə Azərbaycan Milli Hərəkatı çərçivəsində olanları istiqlalçı və İrançı olaraq bölmək çox yanlışdır. Haqsızlıqdır.
Lakin Babək Çələbiyanlı bu növ qruplaşdırmanın doğru olmadığını ifadə edir. Onun sözlərinə görə, “bir sıra təşkilatlar çox açıq şəkildə Güney Azərbaycana istiqlal tələb etdiklərini yazıblar. Amma ‘öz müqəddəratını təyin etmə haqqını’ tələb edən təşkilatlar çoxluqdadır. Bu arada, milli müqəddəratını təyin etmə haqqı istiqlalı rədd edən bir şey deyil. Açıqcası, mən çox xoşlamıram ki, Azərbaycan siyasi təşkilatlarını ‘federalçı və istiqlalçı’ kategoriyasına böləm.”
Siyasi fəal əlavə edir, “məncə Azərbaycan Milli Hərəkatı çərçivəsində olanları istiqlalçı və İrançı olaraq bölmək çox yanlışdır. Haqsızlıqdır. Beynəlxalq hüquq, habelə regional və qlobal gücləri və tənlikləri göz önünə alaraq, biz deyirik milli müqəddəratını təyin etmə haqqı... İran rejimi bir gün gedəcək. O zaman Azərbaycan Milli Dirəniş Təşkilatının seçimi istiqlal olacaq. Gücümüz çatsa istiqlalımızı alacağıq. Gücümüz çatmasa, əlbəttə minimum şərtimiz federal olar. Federaldan aşağı biz razı olmarıq.”
SEE ALSO: Mahmud Bilgin: Güney təşkilatları arasında əməkdaşlıq artır, keçmişdə təcrübəsiz idikBabək Çələbiyanlı müsahibədə həmçinin Güney təşkilatlarının bir çoxunun aktiv fəaliyyət göstərmədiyini önə çəkir.
“Azərbaycan siyasi təşkilatlarını kategoriyalara bölmək istəsək, mən bunu aktiv təşkilatlar və passiv təşkilatlar olaraq bölərəm. Azərbaycan Milli Hərəkatı çərçivəsində 10-dan çox təşkilat var. Amma, nə yazıq ki, ən yaxşı şəraitdə demək olar ki, bunların yarısı aktiv və yarısı passivdir. Bir qismi də ortada gəzir.”