Azərbaycanın suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən 22 nəfər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində ifşa olunaraq tutulub.
MTN-in ictimai əlaqələr mərkəzinin məlumatında deyilir: Azərbaycan vətəndaşları Kərimov Niyazi Əlövsət oğlu, Əliyev Mübariz İsmayıl oğlu, Tağıyev Elman Ramiz oğlu, Cəlilov Nüsrət Aydın oğlu, Qasımov Rahim Müseyib oğlu, Zəkiyev Məmmədtağı Əlikram oğlu, Həşimov Bəhram Nazim oğlu, Abbasov Ayaz Fərədağa oğlu, Abbasov Əfqan Fərid oğlu, Məmmədov Şahin Həsənağa oğlu, Ağayev Mirələsgər Mirqasım oğlu, Zülfüqarov Rövşən Abdulbağı oğlu, Ələkbərov Həmidağa Tofiq oğlu, Qasımov Seymur Səxavət oğlu, Rəsulov Taleh Əliyusif oğlu, Həbibov Ceyhun Valeh oğlu, Kərimov Elçin Ələsgər oğlu, Məmmədov Zahid Gülbudağ oğlu və qeyriləri İranın xüsusi xidmət orqanı olan “İslam İnqilabının Mühafizəçiləri Korpusu” - “SEPAH”ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub. Onlar “SEPAH”ın əməkdaşlarının tapşırıqları əsasında casusluq edərək, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplamış və vermiş, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları “SEPAH”ın əməkdaşlarının əlaqəsinə təqdim ebiblər.
Müəyyən olunub ki, Niyazi Kərimov hələ 1999-cu ilin yaz aylarında İranın Məşhəd şəhərinə səfər edərkən, Tehran şəhərində Əkbər Pakraveş adlı şəxslə tanış olub. Səfər müddətində dini həmrəylik təəssübkeşi kimi pərdələnən, əslində isə İranın “İslam İnqilabının Mühafizəçiləri Korpusu” - “SEPAH”ın əməkdaşı olan Əkbər Pakraveş ilə Niyazi Kərimov arasında münasibətlər daha da genişlənib. Sonradan Əkbər Pakraveşin təklifi ilə Niyazi Kərimov könüllü surətdə məxfi əməkdaşlığa cəlb olunaraq, İranın xüsusi xidmət orqanının tapşırıqları əsasında Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq etməyə başlayıb.
“SEPAH”ın əməkdaşı Əkbər Pakraveş Niyazi Kərimova Bakı şəhərində fəaliyyət göstərən ABŞ, İsrail və Qərb dövlətlərinin səfirlikləri, nümayəndəlikləri və təşkilatlarının əməkdaşlarına qarşı terror-təxribat aksiyalarının həyata keçirilməsi məqsədilə xüsusi hərbi təlimlərə cəlb olunmaları üçün Azərbaycanın vətəndaşları sırasından münasib şəxsləri taparaq “SEPAH”ın əlaqəsinə verməsini təklif edib və bu işlərin müqabilində ona külli miqdarda pul vəd edib. Niyazi Kərimov da bu təkliflə razılaşıb.
Bundan sonra, yəni 1999-cu ildən etibarən 2011-ci ilədək Niyazi Kərimov dəfələrlə İrana gedərək orada məxfi əməkdaşlıq etdiyi “SEPAH”ın Əkbər Pakraveş və Vəhid adlı əməkdaşları ilə görüşüb onlardan müvafiq təlimatlar və külli miqdarda pul alıb. Həmin təlimat və tapşırıqlara əsasən, Azərbaycan vətəndaşları - Elman Tağıyevi, Məmmədtağı Zəkiyevi, Mübariz Əliyevi, Nüsrət Cəlilovu, Rahim Qasımovu, Bəhram Həşimovu, Ayaz Abbasovu, Əfqan Abbasovu, Şahin Məmmədovu, Mirələsgər Ağayevi, Rövşən Zülfüqarovu, Həmidağa Ələkbərovu, Seymur Qasımovu, Taleh Rəsulovu, Ceyhun Həbibovu və qeyrilərini “SEPAH”ın Əkbər Pakraveş və Vəhid adlı əməkdaşlarının əlaqəsinə verib. Bununla yanaşı, Niyazi Kərimov Azərbaycan ərazisində fəaliyyət göstərən ABŞ, İsrail və Qərb dövlətlərinin səfirlikləri, nümayəndəlikləri və təşkilatlarına, eləcə də vətəndaşlarına qarşı terror-təxribat aksiyalarının həyata keçirilməsinə hazırlıq üzrə, həmçinin Azərbaycanın dövlət təhlükəsizliyinin zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılaraq “SEPAH”ın Əkbər Pakraveş və Vəhid adlı əməkdaşlarına verilməsini də təşkil edib.
Məlum olub ki, “SEPAH”ın Əkbər Pakraveş və Vəhid adlı əməkdaşları dini həmrəylik pərdəsi ilə öz məqsədləri üçün adları qeyd olunan Azərbaycan vətəndaşlarının bütün səfər xərclərini ödəyərək, onların müxtəlif niyyətlərlə, əsasən ziyarət adı altında İrana gəlmələrini təşkil edib. Sonra onları qarşılayaraq Tehran şəhərində məxfi görüş mənzillərində yerləşdirib. “SEPAH”ın əməkdaşları Əkbər Pakraveş və Vəhid 4-5 gün ərzində adları qeyd olunan Azərbaycan vətəndaşları ilə ayrı-ayrılıqda söhbət edərək, Azərbaycan ərazisində ABŞ, İsrail və Qərb dövlətlərinin səfirlikləri, nümayəndəlikləri və təşkilatlarına qarşı gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan terror-təxribat aksiyalarına onları da cəlb edəcəklərini açıqlayıb. Bu məqsədlə onlara Tehran şəhəri ətrafında yerləşən düşərgələrdə xüsusi hərbi təlimlər keçiriləcəyini bildirib. Sonradan adları qeyd olunan Azərbaycan vətəndaşları Tehran və Kərəc şəhərlərinin yaxınlığında yerləşən hərbi düşərgələrdə peşəkar təlimatçıların rəhbərliyi altında müxtəlif odlu, o cümlədən avtomat silahlardan, tapançalardan atəş açmağı, partlayıcı maddələrdən və qurğulardan, topoqrafik xəritələrdən istifadə edilməsi üzrə nəzəri və praktiki xüsusi hərbi təlimlər keçib, eləcə də piyada və avtomaşınla məxfi müşahidələr aparmaq, məxfi müşahidələrdən yayınmaq və mühafizə olunan qapalı tikililərə gizli surətdə daxil olmaq kimi vərdişlərə yiyələnib. Təlimlər başa çatdıqdan sonra “SEPAH”ın əməkdaşları həmin Azərbaycan vətəndaşlarından məxfi əməkdaşlıq barədə iltizam alıb və hər birinə təxəllüs verib. Habelə onlara Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə etmək üçün lazım olan məlumatları toplayıb çatdırmaları, kömək edə biləcək digər, o cümlədən Gürcüstan vətəndaşları sırasından olan şəxsləri axtarıb tapmaqla əlaqələrinə vermələrini tapşırıb. Eyni zamanda, “SEPAH”ın əməkdaşları Əkbər Pakraveş və Vəhid həmin Azərbaycan vətəndaşlarının hər birinə Niyazi Kərimov, Elman Tağıyev, Mübariz Əliyev və digərləri vasitəsilə aylıq məvacib veriləcəyini vəd edib və Azərbaycana qayıdıb onların göstərişlərini gözləmələrini tapşırıb. Bundan sonra, Əkbər Pakraveş və Vəhid məxfi əməkdaşlığa cəlb etdikləri Azərbaycan vətəndaşlarını ayrı-ayrılıqda İranın Astara və Tehran şəhərlərindən Azərbaycana yola salarkən kəşfiyyat-pozuculuq və terror-təxribat aksiyalarının həyata keçirilməsi barədə bir daha təlimatlandırıb və onlara külli miqdarda ABŞ dolları verib.
Həmçinin “SEPAH”ın əməkdaşları əlaqəyə cəlb edilmiş şəxslərin onların tapşırığı ilə mütəmadi İrana səfər etmələrinin Azərbaycanın xüsusi xidmət orqanı tərəfindən şübhə doğurmaması üçün həmin Azərbaycan vətəndaşlarının bəziləri ilə üçüncü dövlətlərin ərazisində, o cümlədən Suriya Ərəb Respublikasının Dəməşq və Rusiya Federasiyasının Moskva şəhərlərində görüşüb və təlimatlar verib.
Müəyyən edilib ki, İran xüsusi xidmət orqanından aylıq məvacib formasında gizli şəkildə maliyyələşdirilən adları qeyd olunan Azərbaycan vətəndaşları tərəfindən tapşırıqların lazımi səviyyədə həyata keçirilməsini, konspirasiya qaydalarına ciddi əməl olunmasını və məxfiçilik tədbirlərinin görülməsini təşkil etmək məqsədilə “SEPAH”ın əməkdaşlarının xüsusi planlarına əsasən, hələ 1999-cu ilin əvvəllərində məxfi əməkdaşlığa cəlb olunmuş əsas şəxslər özləri ayrı-ayrılıqda Azərbaycanın digər vətəndaşlarının məxfi əməkdaşlığa cəlb olunmaları üçün onları İran xüsusi xidmət orqanının Əkbər Pakraveş və Vəhid adlı əməkdaşlarının əlaqəsinə verib. Belə ki, Niyazi Kərimovun tapşırığı ilə İrana gedərək Tehran şəhərində “SEPAH”ın əməkdaşı Əkbər Pakraveş tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş, xüsusi hərbi təlim keçmiş Mübariz Əliyev öz növbəsində aldığı təlimatlara əsasən 2000-2011-ci illər ərzində Bəhram Həşimovu, Ayaz Abbasovu, Əfqan Abbasovu, Mirələsgər Ağayevi, Rövşən Zülfüqarovu, Şahin Məmmədovu, Seymur Qasımovu, Ceyhun Həbibovu və qeyrilərini Əkbər Pakraveş və Vəhidin əlaqəsinə verib. İranda məxfi əməkdaşlığa cəlb olunmuş, xüsusi hərbi təlim keçmiş Elman Tağıyev tərəfindən isə 2000-2007-ci illərdə Nüsrət Cəlilov, Taleh Rəsulov, Həmidağa Ələkbərov, Rahim Qasımov, Elçin Kərimov, Zahid Məmmədov və digərləri Əkbər Pakraveş və Vəhidin əlaqəsinə verilib. Beləliklə, bu cür metoddan istifadə etməklə, İranın xüsusi xidmət orqanı olan “İslam İnqilabının Mühafizəçiləri Korpusu” - “SEPAH”ın əməkdaşları qeyri-səmimi dini həmrəylik şüarları ilə pərdələnərək, məxfi əməkdaşlığa cəlb etdikləri, onların bütün əmrlərinə hər an hazır olan, külli miqdarda pul vəsaiti ilə təmin edilən, hərbi təlim keçmiş Azərbaycan vətəndaşlarından ibarət Azərbaycanın dövlət təhlükəsizliyi əleyhinə xüsusi kontingentin yaradılması və genişləndirilməsi məqsədini güdmüşlər.
Bu illər ərzində “SEPAH”ın əməkdaşları Əkbər Pakraveş və Vəhid tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan vətəndaşları texniki avadanlıq və nəqliyyat vasitələri ilə təchiz edilərək aldıqları tapşırıqların icrası ilə bağlı xarici dövlətlərin Bakı şəhərindəki səfirliklərinin, nümayəndəliklərinin, təşkilatlarının, iqtisadi sahədə fəaliyyət göstərən şirkətlərinin, o cümlədən “Soxnut” adlı qurumun və bir neçə təhsil müəssisəsinin, “American Fast-food” restoranının, “bp-Azərbaycan” neft şirkətinin baş ofisinin və digər obyektlərin dəqiq ünvanlarını, yerləşmə proyeksiyalarını müəyyənləşdirərək müşahidələrini aparıb, burada işləyən şəxslər barədə bilgilər toplayıb və əldə etdikləri məlumatları İranda Əkbər Pakraveş və Vəhidə çatdırıb.
Həmçinin məlum olub ki, “SEPAH”ın əməkdaşları Əkbər Pakraveş və Vəhid xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, nümayəndəliklərinin, təşkilatlarının və iqtisadi sahədə fəaliyyət göstərən müəssisələrinin əməkdaşlarına qarşı terror-təxribat aksiyalarının həyata keçirilməsi üçün silah alınmasını, eləcə də gələcəkdə göndəriləcək silah və sursatın gizlədilməsi məqsədilə gizli saxlanc yerlərinin hazırlanmasını da tapşırıb. Bu məqsədlə Elman Tağıyev bəzi gizli saxlanc yerləri müəyyənləşdirərək, fotoşəkillərini “SEPAH”ın əməkdaşlarına təqdim edib, onlarla razılaşdırıb. Bundan sonra, Elman Tağıyev Bakı şəhəri, Sabuncu rayonu, Nardaran qəsəbəsinin sakinləri - Zəkiyev Əbülfəz Əlikram oğlu vasitəsilə Bəşirov Əli Əli İsa oğlundan 1 ədəd “AK-74” tipli avtomat silah, həmin silaha aid 2 ədəd daraq və 157 ədəd patron alıb. Eyni zamanda, məlum olub ki, qeyd edilən avtomat silahı, daraqları və patronları Əli Bəşirova həmin qəsəbənin sakini Nuriyev Gülhüseyn Əhmədağa oğlu satıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində Əli Bəşirov, Əbülfəz Zəkiyev və Gülhüseyn Nuriyev də saxlanılıb. Axtarış zamanı Əbülfəz Zəkiyevin evindən 1 ədəd “TOZ-8” tipli odlu silah və ona aid patron, Həmidağa Ələkbərovun evindən 1 ədəd avtomat tipli odlu silah və ona aid 1 ədəd daraq, 5 ədəd patron, 1 ədəd “F1”, 1 ədəd “RQD” tipli əl qumbaraları, onlara aid 1 ədəd alışdırıcı, eləcə də tüstü və siqnal şaşkaları, Elman Tağıyevdən 1 ədəd “AK-74” tipli avtomat silah, həmin silaha aid 2 ədəd daraq və 157 ədəd patron və sonuncuya məxsus fermadan 1 ədəd “SVD” tipli snayper tüfəngi, 40 ədəd patron, 1 ədəd “PM” markalı tapança, 4 ədəd “F1” əl qumbarası, 4 ədəd alışqan, 3 ədəd 200 qramlıq və 2 ədəd 400 qramlıq trotil şaşka, 5 ədəd detonator aşkar edilərək götürülüb. Bundan başqa, müəyyən edilib ki, Əli Bəşirov yaxın qohumu Fərəcov Asif Fərəc oğluna da “AK-74” tipli avtomat silahın komponent hissəsi olan 1 ədəd daraq və ona aid 45 ədəd patron verilib. 2012-ci il martın 13-də keçirilmiş axtarış tədbirləri nəticəsində Asif Fərəcovun evindən Əli Bəşirovdan əldə etdiyi həmin daraq və patronlarla yanaşı, əlavə olaraq 1 ədəd “AK-74” tipli avtomat silah, 1 ədəd “PM” markalı tapanca, ona aid 1 ədəd daraq və 15 ədəd patron, “TOZ-8” tipli odlu silaha aid 90 ədəd patron, 1 ədəd pnevmatik tüfəng, 1 ədəd xəncər, eləcə də 100 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin istintaqı aparılır.
Kərimov Niyazi Əlövsət oğlu, Əliyev Mübariz İsmayıl oğlu, Tağıyev Elman Ramiz oğlu, Cəlilov Nüsrət Aydın oğlu, Qasımov Rahim Müseyib oğlu, Zəkiyev Məmmədtağı Əlikram oğlu, Həşimov Bəhram Nazim oğlu, Abbasov Ayaz Fərədağa oğlu, Abbasov Əfqan Fərid oğlu, Məmmədov Şahin Həsənağa oğlu, Ağayev Mirələsgər Mirqasım oğlu, Zülfüqarov Rövşən Abdulbağı oğlu, Ələkbərov Həmidağa Tofiq oğlu, Qasımov Seymur Səxavət oğlu, Rəsulov Taleh Əliyusif oğlu, Həbibov Ceyhun Valeh oğlu, Kərimov Elçin Ələsgər oğlu, Məmmədov Zahid Gülbudağ oğlu, Zəkiyev Əbülfəz Əlikram oğlu, Bəşirov Əli Əli İsa oğlu, Nuriyev Gülhüseyn Əhmədağa oğlu və Fərəcov Asif Fərəc oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə bütün halların araşdırılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MTN icitmai əlaqələr mərkəzi həmçinin bildirir ki, son vaxtlar bəzi psevdo ekspertlər və bir sıra qaragüruhçu mətbu orqanları daxili destruktiv və xarici düşmən qüvvələrin göstərişi ilə bilərəkdən, ictimai təhlükəli, qanunazidd əməllərin törədilməsində təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilən cinayət təqibinin, guya dinə və dindarlara qarşı yönəldiyi barədə əsassız, həqiqətdən uzaq və ikrah doğuran məlumatları yaymaqla cəmiyyətdə çaşqınlıq yaratmağa çalışır. İrqindən, miliyyətindən, cinsindən, dinindən və əqidəsindən asılı olmayaraq hər bir kəs qanun qarşısında məsuliyyət daşıyır. Törədilmiş hüquqazidd əmələ görə cəzanın labüdlüyü prinsipi hamıya aiddir. Cəmiyyətə zidd əməllərin, Azərbaycanın milli təhlükəsizliyi əleyhinə cinayətkar qəsdlərin və təhdidlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Milli Təhlükəsizlik Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq dövlətə xəyanət və casusluq cinayətlərinin törədilməsi üçün xarici xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə, əgər həmin şəxsin hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
Xatıraladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin məlumatı Azərbyaycan Müdafiə naziri Səfər Əbiyevin İrana rəsmi səfərindən bir gün sonar yayılıb. Səfər zamanı, İran prezidenti, müdafiı naziri, Təhlükəsizlik Şurasının sədri iki ölkə rasında hər hansı problemin olmadığını bəyan edib.
İranın müdafiə naziri Əhməd Vahidi Tehranla Bakı arasında əlaqələrin genişləndirilməsinin mümkünlüyünü qeyd edib. “Bunun sayəsində düşmənlər iki ölkənin
Prezident Əhmədinejat bildirib ki, düşmənlər Tehranla Bakı arasında münasibətlərin genişlənməsini istəmir. “Əlbəttə, hazırda bir sıra süni problemlər mövcuddur ki, onları qarşılıqlı əlaqələrin səviyyəsini qaldırmaqla aradan götürmək olar. Bu gün hər iki ölkənin düşmənləri nə İranın mövcudluğunu istəyirlər, nə də Azərbaycanın. Onlar həmişə öz maraqlarını güdür və bu yolla da İranla Azərbaycanı öz hegemonluğu altına gətirməyə çalışırlar. Əmin olun ki, Tehranla Bakı arasındakı münasibətlərə heç bir xələl gəlməyəcək. Çünki İran Azərbaycanın əzəmət və inkişafını öz inkişafı sayır. Sözsüz ki, bu əlaqələr hansısa şəxsin, qrupun və ya medianın təsiri altına düşməyəcək. Biz çalışmalıyıq ki, iki ölkənin münasibətləri inkişaf etsin. Çünki Tehranla Bakı arasında münasibətlərin inkişafı həm də bölgə ölkələrinin xeyrinə olacaq”.
Azərbaycan müdafiə naziri Səfər Əbiyev də Tehranla Bakı arasında əlaqələrin genişləndirilməsinin vacibliyini bəyan edib: “Heç bir ölkə İranla Azərbaycan arasında münasibətlərə xələl gətirə bilməyəcək. Azərbaycan heç kəsə icazə verməyəcək ki, ərazisindən və ya səmasından İrana qarşı istifadə etsin. Çünki biz İranı özümüzə dost və qardaş ölkə sayırıq”, - deyə o qeyd edib.