Azərbaycanda Novruz bayramı qeyd edilir. Prezident Əliyev, deputatlar, hökumət üzvləri bayram şənliklərinə qoşulub. Kosa və keçəlin duzlu zarafatları, qızların halayı doğrudan da baharın gəlişindən xəbər verir.
Azərbaycan prezidentinin bayram təbrikində deyilir ki, Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tarixinin qarşısında müstəsna xidmətidir. “Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq Yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir”, - dövlət başçısı qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutunun direktoru Hüseyn Hüseyn İsmayılov vaxtı ilə Amerikanın Səsi radiosuna müsahibəsində Novruz ənənələrinin türklüyə-turançılığa bağlı olduğunu bildirib. “Novruz ənənələrini həm Azərbaycan Respublikasında, həm də İranda yaşayan çoxmilyonlu Azərbaycan xalqı çox güclü şəkildə qoruyub saxlayır”.
Bu il Bakıda Eurovision mahnı müsabiqəsi öncəsi Avropadan olan çoxsaylı insanlar da Novruz şənliklərini izləyib. Müsabiqənin qalibi Nigar Camal öz məşhur qalib mahnısını Novruz mahnılarına qatıb.
Novruz şənliklərinə Rusiyadan, Ukraynadan, Orta Asiya ölkələrindən, Türkiyədən və İrandan minlərlə turist qatılıb. Amma, turistlərin çoxunu İrandan olan azərbaycanlılar təşkil edib. “Biz əziz bayramımız doğma paytaxt Bakıda keçirməyi daha çox sevirik”, - deyə İrandan olan azərbaycanlılardan biri Amerikanın Səsi radiosuna bildirib.