Jurnalist saxlanılıb və sonra azad buraxılıb

Aytən Fərhadova

Oktyabrın 12-də şəxsiyyət vəsiqəsini almaq üçün Sumqayıt şəhərində yerləşən ASAN Xidmətə müraciət edən jurnalist Aytən Fərhadova saxlanılıb və sonra azad buraxılıb.

Aytən Fərhadova Amerikanın Səsinə bildirib ki, ASAN Xidmətin təhlükəsizlik xidməti onu saxlayaraq Sumqayıt şəhər Polis İdarəsinin 3 saylı Polis Bölməsinə təhvil verib.

"Şəxsiyyət vəsiqəmi itirmişəm. Yenisini almaq üçün ödəniş etmişəm, bu gün götürməli idim. Adımın qarşısında "saxlanılmalı" yazıldığı üçün ASAN Xidmət məni polisə təhvil verdi. 3 saylı Polis Bölməsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdaəsi (BMCMİ) ilə əlaqə saxladılar. Oradan bildirdilər ki, oktyabrın 13-də saat 15-də bu idarədə olmağım lazımdır. Sabah Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə geəcəm. Ancaq mənim bu idarəyə dəvət olunmağımın və ölkədən çıxışıma qadağa qoyulmasının səbəbləri barədə mənə məlumat verməyiblər”, jurnalist qeyd edib.

Xatırladaq ki, Fərhadova Meydan TV onlayn resursu ilə əməkdaşlıq edir. Bundan əvvəl o, iki dəfə saxlanılıb və MCMİ-də Meydan TV-nin fəaliyyəti ilə bağlı dindirilib.