Avropa İttifaqı Azərbaycanda siyasi məhbusların azad edilməsini istəyir

Avropa İttifaqı Azərbaycanda siyasi məhbusların azad edilməsini istəyir

Hazırda Avropa İttifaqı Azərbaycanın bütün dövlət qurumları ilə mütəmadi və davamlı dialoq aparır.

Avropa İttifaqı Azərbaycanda iqtisadi sabitlik və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində işləyir. Biz, bu sahədə bir sıra yerli qurumlarla işləyirik, iqtisadi və maliyyə dəstəyi göstəririk. Bu barədə Amerikanın Səsi radiosunun sualının cavabında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib.
Onun sözlərinə görə, hazırda parlamentdə “Rəqabət Məcəllə”si müzakirə edilir və bu çox sevindirici haldır. “Inanırıq ki, “Rəqabət Məcəllə”si nə qədər çox təkmilləşsə Azərbaycanın rəqabətə davamlılığını artıracaq”.
R.Kobia hesab edir ki, gənc sahibkarlara şirkət açmaq və bizneslərini inkişaf etdirmək üçün imkan yaradılmalıdır. “Bu, ölkədə iqtisadi aktivliyi artırmış olar”, - deyə o qeyd edib.

Avropa İttifaqının nümayəndəliyinin rəhbəri bu günlərdə Müsavat Partiyasının üzvü Elşən Həsənovun həbsdən azadlığa buraxılmasını sevindirici hal adlandırıb. “Avropa İttifaqı hökumətin bu səylərini dəstəkləyir və bütün siyasi məhbusların azad edilməsini istəyir”.

Onun fikrincə, siyasi məhbuslarla bağlı məsələnin həll edilməsi üçün qərar vermək səlahiyyəti hökumətin əlindədir. “Qərar verilməlidir ki, məsələ həllini tapsın. Bu məsələ yalnız Eurivision-la bağlı deyil, ümumilikdə həllini tapmalıdır”, - deyə R.Kobia jurnalistin Eurovision mahnı müsabiqəsi qabağı siyasi məhbusların azad edilməsi ideyası ilə bağlı sualının cavabında bildirib.
Səfir Kobia Avropa İttifaqının Azərbaycan hökuməti ilə çox sıx və instosional dialoq apardığını bildirib. “Aİ nümayəndələri Azərbaycana çox tez-tez səfərlər edir və bunun pozitiv nəticələri yaxın zamanda baş verəcək. Hazırda Aİ Azərbaycanın bütün dövlət qurumları ilə mütəmadi və davamlı dialoq baş verir”.
Səfir İrandan gözlənilən təhdidlərlə bağlı Azərbaycana Avropa İttifaqının dəstəyi barədə sualın cavabında deyib ki, “son məlumatlar çox qapalıdır” “Ümumilikdə Avropa İttifaqı sülhün carçısıdır, sülhdən kənarda baş verən hər hansı hərəkət qəbuledilməzdir, - deyə o qeyd edib.