Ukrayna hərbi qüvvələri və Rusiya tərəfdarı separatçılar atəşkəs imzalayacaq

ATƏT rəsmiləri bu atəşkəsin regiona sülh gətirəcəyinə ümid edirlər

ATƏT bildirir ki, Ukraynanın Luganskda hərbi qüvvələri və rusiyapərəst separatçılar dekabrın 5-dən qüvvəyə minəcək atəşkəs haqda razılıq əldə edib.

ATƏT bu atəşkəsin regiondan ağır silahların çıxarılması da daxil olmaqla dekabrın 6-dan başlayaraq bölgəyə sülh gətirə biləcəyini bildirib.

Hər iki tərəf Rusiyanın vasitəçiliyi ilə sentyabrın 5-i Belarusiyanın paytaxtı Minsk şəhərində atəşkəs imzalayıb. Buna baxmayaraq atəşkəs mütəmadi şəkildə pozulub.

Ukraynada vəziyyət Brusseldə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşü zamanı diqqət mərkəzində olacaq.

Bazar ertəsi NATO-nun baş katibi Cens Stoltenberq bildirib ki, Rusiya Ukraynanın özü və sərhəd bölgəsində hərbi qüvvələrin sayını ciddi şəkildə artıraraq, separatçıları Rusiyanın ən müasir silahları və hərbi avadanlığı ilə təmin edir.