Ukrayna ordusu Rusiyadan hərbi qüvvələrin sərhədləri keçməsinə dair məlumatdan sonra rusiyapərəst separatistlərə qarşı mümkün döyüşlərə hazırlaşır. Prezident Petro Poşenko ölkəsinin tam şəkildə müharibəyə hazır olduğunu bəyan edib.
Ukrayna ordusu Luqans regionunda müdafiə əməliyyatlarına hazırlıq görür.
39-cu sıravi əsgər batalyonundan Serqay İva deyir ki, hazır olmalıyıq. “Bizimkilərin artilleriya və qrad raketlərinin hücumlarına məruz qaldığı barədə məlumat almışıq.”
Adının Andriy çağırılmasını istəyən kapitan kifayət qədər hərbi sursata malik olduqlarını, lakin əlavə əsgəri qüvvəyə ehtiyac olduğunu deyir. “Buraya bir neçə gün əvvəl gəlmişik. Qarşı tərəflə hələ ki, heç bir konfliktimiz olmayıb. Lakin burada işləyən kiçik qruplaşmalar var. Təqribən 10 nəfərdən ibarət. Biz belə bir kəşfiyyat məlumatı əldə etmişik.”
Onların postu tez-tez rəqib döyüşçülərin atəşinə məruz qalır. Bir gün əvvəl də qrad raketləri atılıb, amma yaralanan olmayıb.
Topçu Vaçeslav hücumlara hazır olduqlarını deyir. “Onlar bizim güclənməyimizə yardım edib. Hər şey çətinləşib. Hücum olsa cavabını verəcəyik.”
Kapitan Andriy Slota döyüşçülərin yorulduğundan şikayətlənir. “Gözləmək vaxtı deyil. Hərbi yolla məsələ həll edilməli, əsgərlər buraxılmalıdır. Vaxt gəlib çatıb.”
Kreml isə həmişə olduğu kimi separatistləri silahla təmin etdiyini inkar edir. Baxmayaraq ki, Rusiya qüvvələrinin rotasiya məqsədi ilə Ukraynaya irəlilədiyi məlumdur.
Ukrayna hökumətinə qarşı döyüşənləri isə Kiyevin əks-hücumları qorxudur.