Qordana Komiç: Hakimiyyətin opponentləri ilə dialoq üçün siyasi iradəsi yoxdur

Qordana Komiç

ATƏT PA-nin insan hüquqları ilə bağlı qətnaməsinin müəllifi Azərbaycan hakimiyyətini opponentləri ilə dialoqa çağırır

Azərbaycan keçid dövrü ölkələri üçün xarakterik olan problemlərlə üzləşir. Bu, əsasən dünyanın qalan hissəsinin yaşadığı ümumi qaydaların qəbul edilməməsində özünü göstərir. Bu barədə ATƏT Parlament Assambleyasının (PA) Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin ATƏT ərazisində insan hüquqları ilə bağlı qətnaməsinin müəllifi, Serbiya parlamentinin vitse-spiker Qordana Komiç Turan agentliyinə müsahibəsində bildirib.

“Son illər Azərbaycan iqtisadi irəliləyiş əldə edib, amma bu, yetərli deyil. Biz vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin, jurnalistlərin təqib olunması barədə məlumatlar alırıq. Bu o deməkdir ki, orada çox şey qaydasında deyil. Səbəblərdən çox danışmaq olar, mühüm olan bu səbəbləri aradan qaldırmaqdır.

Hesab edirəm ki, bundan ötrü ən yaxşı yol dialoqdur. Lakin hakimiyyətin öz opponentləri ilə dialoq aparması üçün istəyi, siyasi iradəsi yoxdur”.

Azərbaycan hakimiyyəti bildirir ki, ölkədə hüquq və azadlıqların pozulması barədə bəyanatlar Azərbaycandakı ayrı-ayrı şəxslərin Qərbə ötürdüyü yalan informasiyaya əsaslanıb. Bu barədə nə düşünürsünüz?

Bu sualın cavabında Komiç deyib ki, bu cür fikirlər tamamilə əsassızdır. “Bunu sübut etməyin ən yaxşı yolu bütün qapıları açmaqdır. Əgər hakimiyyət deyirsə ki, belə bir şey yoxdur, qoy, o zaman bütün qapıları tənqidçilərin üzünə açsın.

Məsələn, siyasi məhbuslar məsələsi. Əgər deyirsinizsə, onlar yoxdur, bu məsələ ilə məşğul olan nüfuzlu hüquq-müdafiə təşkilatlarını dəvət edin və onlara bütün həbsxanalara, istədikləri şəxslərə baş çəkmələrinə imkan verin. Onlara şərait yaradın ki, istintaq orqanları ilə danışsınlar. Siyasi məhbusların olmadığını sübut edən nə varsa, onlara göstərin”, - Komiç bildirib.

Azərbaycan hakimiyyəti AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisini ölkəyə dəvət etmədisə, ondan bu cür davranışı necə gözləmək olar?

Komiç qeyd edib ki, o hakimiyyətlər ki hər şeyin özlərinin istədiyi kimi olacağına əmindir, onlar belə edir. Lakin reallıq başqadır. Bu səbəbdən də bizim qəbul etdiyimiz qətnamə Azərbaycan hakimiyyətini öz cəmiyyəti ilə dialoqa çağırır.

Biz deyirik: öz hüquq-müdafiəçilərinizi xəyanətdə və ya hansısa xarici qüvvələrə işləməkdə ittiham etməyə son qoyun. Eyni masa arxasında əyləşib problemlər haqda danışın. Uğurlu cəmiyyət bu yolla qurulur.

Qərbin istənilən demokratik ölkəsində oxşar münaqişələr baş verir, ittihamlar səslənir. Lakin fərq ondadır ki, düşmənçilik edən tərəflər bir-birini dinləyir, cəmiyyətdə dialoq var və heç kim onları bu hüquqdan məhrum edə bilməz”, Komiç vurğulayıb.

Avtoritar adlandırılan bir rejimdən bu cür tolerantlığı gözləmək nə dərəcədə realdır?

“Əgər siz ATƏT adlı klubun üzvü olmaq istəyirsinizsə, o zaman lütfən, standartlara, tələblərə, bu təşkilatın qarşısındakı öhdəliklərə əməl edin. Qaydalar heç kimə zorla qəbul etdirilmir. İstəyirsiniz qəbul edin, istəmirsiniz etməyin, amma bu barədə açıq söyləyin. Amma ATƏT-ə öz qayda və qanunlarınızı qəbul etdirməyə çalışmayın, bu, ciddi deyil və işləməyəcək”, o vurğulayıb.