Elmar Hüseynovun qətlindən 7 il keçir

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib. Beynəlxalq təşkilatlar hökuməti qətli açmağa çağırır. Turanın direktoru Mehman Əliyevin Amerikanın Səsinə müsahibəsi .

“Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlinin 7-ci ildönümündə Azərbaycan üzrə beynəlxalq hüquq müdafiə tərəfdaşlıq qrupu Azərbaycanda jurnalistlərə qarşı davam edən zorakılıq və onların təqibçilərinin cəzasız qalması ilə bağlı dərin narahatlığını bildirib.

Bu gün Elmar Hüseynovun dostları, çoxsaylı jurnalistlər, hüquq müdafiə təşkilatları jurnalistin xatirəsini yad edib, onun məzarını ziyarət edib. Axşam saatlarına jurnalistin qətlə yetirildiyi evin qarşısında şam yandırma mərasimi olub.
Çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatlarını birləşdirən tərəfdaşlıq qrupunun bu gün yaydığı bəyanatda hakimiyyət Elmar Hüseynovun qatillərini məsuliyyətə cəlb etməyə və jurnalistlərə qarşı zorakılıq faktlarını ciddi şəkildə araşdırmağa çağırılır.
“Bu gün 2005-ci ildə planlaşdırılmış cinayət nəticəsində öz mənzilinin kandarında güllələnmiş Elmar Hüseynovun qətlindən yeddi il ötür. O vaxtdan Azərbaycanda jurnalistlərə qarşı onlarla zorakı hücumlar olub, o cümlədən 2011-ci ilin noyabrında publisist Rafiq Tağı qətlə yetirilib. Bu cinayətlərdən heç biri ciddi şəkildə araşdırılmayıb və bu, cəzasızlıq atmosferi yaradır və zorakılıq tətbiq edərək, mətbuatı susdurmaq imkanı yaradır”, - deyə sənəddə qeyd edilir.
“Elmar Hüseynovun qətlindən ötən yeddi il ərzində Azərbaycan hakimiyyəti hələ də ifadə azadlığı hüququnun müdafiəsini təşkil edə bilməyib. Bundan başqa, o, jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıq atmosferi yaratmağa imkan verib, tənqidi fikirlərinə görə jurnalistləri və blogerləri, habelə etiraz aksiyalarında iştirak üçün küçələrə çıxan siyasi fəalları və sıravi vətəndaşları həbs etməyə davam edir.
Azərbaycan insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinin icrası üçün dərhal addımlar atmalıdır”, - deyə Article 19-un icraçı direktoru Anyes Kallamar bildirib.
“Yeddi il sonra Elmar Hüseynovun qatilləri azadlıqdadır, Azərbaycanda müstəqil jurnalistlər isə əvvəlki kimi təqiblərə, zorakılığa, siyasi səbəbli məhkəmə təqiblərinə, həbslərə və qətllərə məruz qalır.
Azərbaycan ədalətli mühakiməyə sadiqliyini nümayiş etdirməli və Hüseynovun qətlinə, habelə mətbuata qarşı digər cinayətlərə görə məsuliyyət daşıyanları cəzalandırmalıdır”, - deyə Jurnalistləri Müdafiə Komitəsinin proqram rəhbəri Nina Oqnyanova bildirib.
“Elmar Hüseynovun qatillərinin hələ də cəzalandırılmaması və Rafiq Tağının qətlinin araşdırılmasında nəticə olmaması Azərbaycan jurnalistlərində qətiyyətsizlik və ümidsizlik hissi yaradır. Hədələr və fiziki hücumlar onlar üçün adi hala çevrilib. “Sərhədsiz reportyorlar”ın reytinqində Azərbaycan heç vaxt indiki qədər aşağı düşməmişdi”, - deyə “Sərhədsiz reportyorlar”ın direktoru Olivye Basil qeyd edib.
Beynəlxalq Tərəfdaşlıq Qrupu söz azadlığının məhdudlaşdırılması üçün zorakılıq tətbiqini pisləyir və Azərbaycan hakimiyyətini bu bədnam vəziyyətə son qoymağa, jurnalistlərə qarşı bütün hücumları dərhal və qərəzsiz araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırır.

Turan Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Elmar Hüseynovun qətli ölkədə azad medianı susdurmağa yönəlmişdi və bu qismən baş verib. “Elmar Hüseynovun qətlinin açılmaması və Rafiq Tağının qətli hökumətin mediaya qarşı siyasətinin nəticəsidir, - deyə o qeyd edib.