Bəstəkar və musiqişünas Aria Türkanburlu (Aria Torkanbouri) İran Azərbaycanında musiqi sənətinin iki yöndən assimilyasiyaya uğradığını ifadə edir. O, Amerikanın Səsi ilə söhbətdə öz fəaliyyətləri, eləcə də İranda musiqi sənətinin vəziyyətini şərh edib.
Your browser doesn’t support HTML5
Daha əvvəl Tehran, Bakı, Berlin və İstanbulda bəstəkarlıq və musiqi nəzəriyyəsi üzrə təhsil almış sənətkar hazırda Avstriyada etnomuzikologiya bölümündə ali təhsilinə davam edir. O, təhsili ilə yanaşı Təbrizdə gənc yaşlarında başladığı bədii yaradıcılıq fəaliyyətlərini sürdürür.
2012-ci ildə Laçın ansamblını təşkil etdik və Leyli və Məcnun əsasında yazılmış Məcnun Talibi Nur operasını səhnəyə çıxarmağı bacardıq. Solisti Nasir Ətapur idi. Sonralar Saatın Səsi adlı bir əsər ki, tam Təbrizə məxsus bir ifa idi. Solisti Fərhad Sultani idi.
“İndi bəstəkarlıq və piano mənim artistik və praktik yönümdür. Onun yanında musiqişünaslıq və musiqi nəzəriyyəsi üzrə tədqiqat aparıram,” Türkanburlu söyləyir.
Qarabağ, Təbriz və Traktor marşlarının müəllifi deyir, “ilk yazdığım marş Traktor futbol komandasına olub... 2012-ci ildə Laçın ansamblını təşkil etdik və demək olar ki, Güney Azərbaycanın ilk operasını səhnəyə çıxarmağı bacardıq. Leyli və Məcnun əsasında yazılmış Məcnun Talibi Nur operası. Solisti Nasir Ətapur idi. Sonralar Saatın Səsi adlı bir əsər ki, tam Təbrizə məxsus bir ifa idi. Solisti Fərhad Sultani idi... Fars dilində Laçının Sirri adında bir roman yazdım. Roman Laçın adında Təbrizli bir qızın hekayəsidir ki, o şəhərdə musiqi öyrənmək istəyir; üzləşdiyi problemlər, öyrəndikləri. Yəni, bir yol kimi.”
Aria Türkanburlu həmçinin beynəlxalq musiqi müsabiqələrində mükafatlara layiq görülüb.
“Mənim müasir musiqi əsərlərim var. Amma, müasir musiqinin yanında hər zaman xalqla əlaqəmi kəsməməyə çalışmışam və o sahədə də yazdığım əsərlər olub, həm də mahnı janrında. Misal üçün, Aşıq Qəşəm Cəfəri üçün yazdığım Qəşəm Dağlar və başqa əsərlər. Bunların içərisində, son zamanlarda Qarabağ müharibəsi əsnasında Qarabağ üçün marş yazdım. Son vaxtlar da Təbriz üçün bir marş,” o, bildirir.
SEE ALSO: “Tovhid Novruzinin özünəməxsus səsi və ifa tərzi var idi”Aria Türkanburlu müsahibədə İran Azərbaycanında musiqi sənətinin durumunu şərh edərkən musidiqidə assimilyasiya məsələsinə diqqət çəkib:
İranda türklər necə ki, dildə assimilyasiyaya uğrayırlar, eyni şəkildə musiqidə də yaşayırlar bunu.
“İranda türklər necə ki, dildə assimilyasiyaya uğrayırlar, eyni şəkildə musiqidə də yaşayırlar bunu. Çünki, türkcəni öyrənmə şansları yoxdur. Bütün ölkədə, özəlliklə də məktəblər və akademiya təkcə fars dili əsasında qurulduğu üçün dilin assimilyasiyası baş verir. Musiqiyə gəldiyimizdə də, iki yönlü bir assimilyasiya yaşayırıq, birisi İran adlı fars musiqisi altında, digəri qərb musiqisi.”
Onun sözlərinə görə, “musiqidə assimilyasiya bütün dünyada baş verir. Qərb musiqisi bu assimilyasiyanın əsas amilidir. Qərb musiqisinin hegemonluğu universitetlər vasitəsilə, akademiya vasitəsilə bütün dünyaya yayılıb. Bugün musiqi nəzəriyyəsi dediyimizdə də, bu yəni, qərbin musiqi nəzəriyyəsi. Ancaq, xalqlar və fərqli mədəniyyətlər bunun önündə özlərini bir səviyyəyə qədər qoruya bilib və ya bununla yanaşı özlərinə yer aça bilirlər. İranda fars musiqisi də, əlbəttə, qərb musiqisinin assimilyasiyası altındadır. Amma, onlar öz musiqilərini də qura bilirlər. Necə ki, biz görürük ki, onların Tətəluları, Sasi Manekenləri ya Humayun Şəcəriyanları, Hüseyn Əlizadələri var. Fərqli musiqi janrlarında hər bir yerdə özlərinə aid güclü məktəbləri və festivalları var. Hətta bu gün müasir musiqidə çox güclü irəliyə gedirlər.”
Mən özüm İrşad və Mədəniyyət İdarəsindən konsert icazəsi almaqda bunu yaşadım. Bir ay içərisində ən çox 6 konsertə icazə verilirdi. O 6 konsertdən beşi Tehrandan gələn qruplara verilirdi. Biri yerli qruplara.
Bəstəkar İran Azərbaycanında vəziyyətin çox fərqli olduğunu söyləyir. “Bizə gəldiyində, bizdə birincisi, musiqi məktəbi adında bir şey yoxdur, olmayıb. Bəlkə son zamanlarda, o da hələ çox zəifdir. İkincisi, biz İran içərisində həm mərkəzdə qurulan fars musiqisi altında assimilyasiyaya uğrayırıq, həm də ondan daha əhəmiyyətli və böyük təsiri olan qərb musiqisi altında. Sənətçilərin çoxu farsca oxuyur. Ancaq, hətta türkcə oxuyan sənətçilərin çoxunun musiqisində də dili dəyişdirdiyimizdə, o musiqi tamamən qərb musiqisidir və orada Azərbaycana və ya türkə aid olan və ya şərq musiqisinə aid heç nə yoxdur. Əlbəttə bu da doğrudur ki, bu gün musiqi siyasəti Tehranda olan fars qruplara meydan verir, bizimkilərə meydan vermir. Bu yeni bir şey deyil. Mən özüm İrşad və Mədəniyyət İdarəsindən konsert icazəsi alarkən bunu yaşadım. Bir ay içərisində ən çox 6 konsertə icazə verilirdi. O 6 konsertdən beşi Tehrandan gələn qruplara verilirdi, biri yerli qruplara.”
Aria Türkanburlu müsahibədə həmçinin İran Azərbaycanında aşıq sənətinin vəziyyəti haqqında öz fikirlərini ifadə edib.