Anar Məmmədlinin kassasiya şikayəti təmin edilməyib

Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)

Noyabrın 11-də Ali Məhkəmədə Gülzar Rzayevanın sədrliyi ilə həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin və onunla birlikdə həbs edilmiş Bəşir Süleymanlının və Elnur Məmmədovun kassasiya şikayətinə baxılıb.

Şikayət Bakı Apellyasiya Məhkəməsinin şikayətə qismən məhkəmə istintaqı ilə baxılmasından imtina haqqında 22 avqust tarixli qərarından verilib.

Lakin kassasiya şikayəti təmin edilməyib.

Anar Məmmədli 5,5 il müddətinə, SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov da 3,5 il şərti həbs cəzası alıb. Onlar vergi ödənişindən yayınmaq, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinirlər.

Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Sentyabrın sonlarında o, Vatslav Havel adına mükafata layiq görülüb.