Anar Məmmədlinin işi üzrə şahidlər ifadə verir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

O Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin, bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlının və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun işi üzrə proses davam edir.

Onlar hamısı Cinayət Məcəlləsinin 5 maddəsi üzrə - vergi ödənişindən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui istifadə, böyük ölçüdə əmlak mənimsəmə və vəzifə saxtakarlığında ittiham olunurlar.

Cinayət işi 2013-cü il oktyabrın sonlarında açılıb. Məmmədli dekabrın 17-də həbs edilib, digər iki şəxsdən isə ölkəni tərk etməmək haqqında iltizam alınıb.

Mayın 8-də prosesdə şahid ifadələri dinlənilib.

Hər iki QHT-də mühasib vəzifəsində işləmiş Mübariz Diniyev bildirib ki, vergi orqanlarına və donorlara vaxtlı-vaxtında maliyyə hesabatı verib.

Vəkillərin suallarını cavablandıran Diniyev deyib ki, qanunvericiliyə əsasən qrantlar ƏDV-dən azaddır.

İstintaqın versiyasına görə, təqsirləndirilənlər ABŞ Milli Demokratiya İnstitutu tərəfindən verilmiş 128 min manat məbləğində qrantın 109 min manatını mənimsəyiblər, ƏDV-dən isə 19 min dolları gizlədiblər.

“Belə çıxır ki, layihə çərçivəsində heç nə yerinə yetirilməyib?” Vəkilin bu ritorik sualına cavabda şahid bildirib ki, layihə çərçivəsində real iş və xidmətlərin haqqı ödənilib.

Digər şahidlər də yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləğləri aldıqlarını və təqsirləndirilən şəxslərə qarşı iradları olmadığını təsdiq ediblər.

Növbəti məhkəmə iclası mayın 12-də saat 10.30-a təyin edilib.

Anar Məmmədli Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.