Amnesty İnternational: Azərbaycan hökuməti tənqidçilərini həbs etməkdə davam edir

Amnesty International Əliyev hökumətini basqıları dayandırmağa çağırdı

“Hökumətlər sözdə insan hüquqlarına hörmət etdiklərini deyirlər, amma milli təhlükəsizlik bəhanəsi ilə bu hüquqları pozmaqda davam edirlər”
Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational mayın 23-də dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatını yayıb.

Məruzədə dünyanın 159 ölkəsində 2012-ci ildə insan hüquqlarının vəziyyəti əksini tapıb.

Özünü demokratik adlandıran bir çox ölkələrdə vətəndaşlar hüquqlarının pozulması ilə qarşılaşır.

Hökumətlər sözdə insan hüquqlarına hörmət etdiklərini deyirlər, amma milli təhlükəsizlik bəhanəsi ilə bu hüquqları pozmaqda davam edirlər.

Azərbaycana həsr edilmiş hissədə deyilir ki, hökumət onu tənqid edənləri qorxutmağa və həbs etməyə davam edir. Dinc etiraz aksiyaları qadağan edilib və polis tərəfindən hədsiz güc tətbiq edilməklə dağıdılır. Polisdə işgəncələr adi hala çevrilib.
Ölkədə vicdan məhbusları var, onların bir hissəsi dekabrın 26-da dövlət başçısı tərəfindən əfv edilib. Onlar hamısı saxta ittihamlarla həbs edilib.

Dövlət insan hüquqları müdafiəçilərini və jurnalistləri işlərinə görə təqib edir, qorxudur və həbs edir. Buna jurnalistlər Xədicə İsmayılovanın, İdrak Abbasovun, Hilal Məmmədovun, hüquq müdafiəçiləri Oqtay Gülalıyevin və İlham Əmiraslanovun, NİDA gənclər hərəkatından vətəndaş fəalı Zaur Qurbanlının işləri nümunə ola bilər.

İnsan hüquqları və demokratiya sahəsində işləyən QHT-lər təzyiq və təqiblərlə qarşılaşır, onların toplantılar keçirməsi və sərbəst şəkildə fəaliyyət göstərməsi çətindir, xüsusən, Bakıdan kənarda. Hakimiyyətin Naxçıvanda Demokratiyanın İnkişafı Resurs Mərkəzinə və İnsan Hüquqları Evinin Bakı filialına – qeydiyyatın olmaması bəhanəsi ilə bağlanmış beynəlxalq QHT-yə təzyiqi bunun parlaq nümunəsi ola bilər.

Bakının mərkəzində ictimai etirazlar əvvəlki kimi qadağan edilib. Noyabrda hakimiyyət “icazəsiz” etirazların təşkilinə və keçirilməsinə görə cəzanı sərtləşdirib. Düzəlişlərə əsasən, cəza üç ilədək azadlıqdan məhrumetmə və 10 000 dollar cərimə təşkil edəcək.

Dinc aksiyalar daim polis tərəfindən hədsiz güc tətbiq edilməklə dağıdılır, aksiya iştirakçıları isə təqiblərə, döyülmələrə və həbsə məruz qalır.

Son bir ildə yüzlərlə insan inzibati həbslərə məruz qalıb, onlarla təşkilatçıya qarşı isə cinayət ittihamları irəli sürülüb.

Etirazların səbəbi vətəndaşların korrupsiyadan, dinc şəraitdə əsgərlərin ölümündən və hakimiyyətin saxtakarlıqlarından narazılığı olub.