Accessibility links

Amnesty İnternational: Mehman Hüseynov Eurovision-a görə hakimiyyətin hədəfinə çevrilib


Təşkilat Eurovision zamanı mənfi informasiya yayan gənclərin valideynlərinin də hədələndiyini bildirir.

23 yaşlı fotojurnalist Mehman Hüseynova qarşı saxta “xuliqanlıq” ittihamı irəli sürülüb. Bu ittihamlar dərhal və qeyd-şərtsiz ləğv olunmalıdır, deyə Amnesty İnternational-ın bəyanatında bildirilir.

Təşkilat hesab edir ki, Mehman Hüseynov Eurovision müsabiqəsi zamanı ölkədəki sui-istifadə hallarını işıqlandırdığı üçün hakimiyyətin hədəfinə çevrilib.

O, ötən gecə azadlığa buraxılsa da, mühakimə ediləcəyi təqdirdə onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Mehmanın həbsi hökumətin Eurovision zamanı mənfi informasiya yayılmasında məsuliyyət daşıdığını hesab etdiyi şəxslərə qarşı basqıların başlanmasından xəbər verir”, deyə Aİ nümayəndəsi Maks Taker bildirib.

“Avropa liderlərinin bu neftlə zəngin ölkədə insan hüquqlarının pozulmasını pisləmək istəməməkdə davam etməsi hakimiyyətə öz vətəndaşlarından qisas almaqda azadlıq verir”, deyə o bildirib.

Şahidlər Amnesty İnternational-a bildiriblər ki, mayın 21-də kütləvi aksiya zamanı polis əməkdaşları qəsdən Hüseynovun və onun həmkarının kameralarını sındırıblar, bundan sonra o, zabitləri söyüb.

Hazırda Mehman Hüseynov Azərbaycanda təqibə məruz qalan 7-ci jurnalistdir və o həbs edilərsə, 15-ci vicdan məhbusu olacaq.

Xalq Cəbhəsi Partiyasının üç fəalı da ötən həftə polis təqibinə məruz qalıb. Onlardan biri – Xanım Mustafayeva bildirib ki, atası polisə çağırılıb və onun haqqında sorğu-sual edilib, qızının niyə “radikal qüvvələrə” qoşulduğunu izah etməsi tələb olunub.

Polis iki dəfə fəal Ramin Musayevin valideynlərini də bölməyə çağıraraq, hədələyib və oğullarının “radikal dini qruplarla” əməkdaşlıq etməsinin və “ictimai asayişin pozulmasında” iştirak etməsinin səbəbini açıqlamağı tələb edib. Musayevin özü ali məktəbdən qovulmaqla hədələnib.

Mayın 21-də Mehman Hüseynovun başına gələn hadisənin şahidi olan Bəyim Həsənlinin atası da qızının fəaliyyəti haqqında sorğuya çəkilmək üçün polisə çağırılıb.

Öz növbəsində, rəsmi Bakı Mehman Hüseynovun Eurovision zamanı fəaliyyəti ilə bağlı ittiham edilmədiyini bildirib. “O polis əməkdaşına fiziki güc tətbiq etdiyi üçün ittiham edilir”, - Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

XS
SM
MD
LG