Ermənistan hakimiyyəti söz azadlığını müdafiə etməli və Azərbaycan filmləri festivalının təşkilatçılarının təhlükəsizliyini təmin etməlidir. Ermənistanda hüquq müdafiəçisi Georgi Vanyana hücumdan sonra Amnesty International bu bəyanatla çıxış edib
Amnesty International Ermənistanı bu hücumu tez bir zamanda və qərəzsiz araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıb. Bu barədə Turan Agentliyi məlumat yayıb.
Təşkilat Ermənistan hakimiyyətinin festival təşkilatçılarını müdafiə etməkdən imtina etməsindən dərin narahatlığını bildirib.
“Stop” kinofestivalında məqsəd ermənilərə Azərbaycan mədəniyyətini göstərmək və Qarabağda münaqişə səbəbindən pozulmuş münasibətləri bərpa etməyə cəhd etmək olub.
Aprelin 12-də Gümrüdə onlarla nümayişçi festivalın keçirilməsinin qarşısını alaraq onun təşkilatçısı, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyana hücum etdikdən sonra festival ləğv olunub.
O, şəhəri tərk etməyə və festivalı ləğv etməyə məcbur olub. Həmin gün cənab Vanyan bəyanatla çıxış edərək yerli hakimiyyətin hədələrinə məruz qaldığını bildirib.
Gümrüdə festival ləğv edildikdən sonra təşkilatçılar tədbirin aprelin 17-də Vanadzorda Helsinki Vətəndaş Assambleyasının ofisində keçirmək barədə planlarını açıqlayıb. Lakin, festivala bir gün qalmış tələbələr, siyasi xadimlər, keçmiş hərbçilər və yerli administrasiyasının nümayəndələrindən ibarət 200-ə yaxın adam Helsinki Vətəndaş Assambleyasının ofisinin qarşısında toplaşıb. Qarabağ Müharibəsi Veteranları İttifaqının nümayəndəsinin rəhbərliyi ilə etirazçılar “Satqınlar!”, “Ar olsun!”, “Türklər!” şüarlarını səsləndirərək tədbirin ləğv olunmasını tələb edib.
Etirazçıların bir neçəsi Helsinki Vətəndaş Assambleyasının ofisinə girərək avadanlıqları sındırıb, ofisdə olan adamları təhqir edib, söyüb. Ofisin pəncərələri sındırılıb, əməkdaşlardan biri yaralanıb.
Bir neçə polis nümayişçiləri müşayiət etsə də, əməkdaşların təhlükəsizliyini təmin etmək və zorakılıq aktlarına son qoymaq üçün heç bir tədbir görməyib.
Aprelin 17-də Lori vilayətinin prokuroru faktiki olaraq adamların hərəkətlərinə bəraət qazandırıb və ictimai asayişin pozulmadığını bildirib.
Amnesty International Ermənistan hakimiyyətinə xatırladır ki, festival təşkilatçılarını hücumlardan qoruya bilməyən iqtidar öz vətəndaşlarının söz azadlığının təminatı üzrə beynəlxalq öhdəliklərinmi də yerinə yetirə bilmir.
Turan Agentliyinin məlumatına görə, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi əvvəllər də (2009, 2010 və 2011-cu illərdə) Azərbaycan filmlərinin festivalının təşkilinə cəhd göstərib. Hər dəfə hədə və təzyiqlər səbəbindən tədbir baş tutmayıb. Bu ilki festivalda siyasi xarakterli olmayan dörd qısametrajlı filmin nümayişi nəzərdə tutulubmuş.
Amnesty International: Ermənistan hakimiyyəti Azərbaycan filmlərinin nümayişini təmin etməlidir
Təşkilat Ermənistan hakimiyyətinin festival təşkilatçılarını müdafiə etməkdən imtina etməsindən dərin narahatlığını bildirib.