Amerikanın səfiri Azərbaycanı tərk edib

Amerikanın səfiri Azərbaycanı tərk edib

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza yanvarın 3-də ölkəni tərk edib. Onun diplomatik missiyası başa çatıb.

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza yanvarın 3-də ölkəni tərk edib. Onun diplomatik missiyası başa çatıb. Bu barədə Amerikanın Səsi radiosuna Amerikanın Azərbaycandakı səfirliyindən bildirilib. Ölkəyə yeni səfir təyinatına qədər səfirin səlahiyyətlərini müvəqqəti işlər vəkili Adam Sterlinq icra edəcək. M. Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi ötən il prezident Barak Obama tərəfindən irəli sürülüb. Cənab Brayzanın namizədliyinə senator Bokser və senator Menendes blok qoyub. Bundan sonra 2011-ci ilin dekabrın 29-da prezident Barak Obama Konqres tətildə olduğu zaman səlahiyyətlərindən istifadə edərək M.Brayzanı bir il müddətinə səfir təyin edib. 2011-ci ildə prezident Obama yenidən Brayzanın namizədliyini irəli sürsə də, Senatda səsvermə keçirilməyib. Beləliklə, səfir Brayza səlahiyyət müddəti başa çatdığından ölkəni tərk edib. M.Brayza Amerikanın Azərbaycanda ən qısamüddətli səfiri kimi yadda qalacaq. Xatırladaq ki, inidəyədək Amerikanın Azərbaycandakı səfirlərinin hamısı 3 illik müddətini başa vurub: Riçard Mayls (1992-1993), Riçard Kozlariç (1994-1997), Stenli Eskudero (1997-2000), Ross Uilson (2000-2003), Rino Harniş (2003-2006), Enn Dörsi (2006-2009).

Müstəqil politoloqlar Amerikanın Azərbaycana yeni səfirinin nə vaxt təyin ediləcəyini proqnozlaşdıra bilmir. Turan Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev hesab edir ki, səfir təyinatı məsələsi Amerika dövlətinin daxili problemidir. Bununla yanaşı o Amerikada hamının qanunlara hörmətlə yanaşdığını bldirib. “Senatda Azərbaycana səfir təyinatını erməni diasporunun təsiri ilə senatorlar əngəlləyir. Azərbaycan da Amerikada güclü diaspor təşkilatını yaratmalıdır”.

Ekspert hesab edir ki, Metyu Brayzanın bir illik səfirliyi dövründə iki dövlət arasında çoxsaylı müsbət dəyişikliklər baş verib. “Bu dəyişikliklər, dialoq mühitinin yaradılmasını, təhlükəsizlik, enerji və demokratiya sahələrini əhatə edir”.