Yeni il ərəfəsində amerikalı senator Con Makkeyn prezident İlham Əliyevə şəxsi məktub göndərərək onu bütün siyasi məhbusları azad etməyə çağırıb. Turan Agentliyi Vaşinqtondakı diplomatik mənbələrə istinadən yazır ki, məktubda sonuncu əfv aktı və ədalətsiz olaraq mühakimə edilmiş gənc bloger Cabbar Savalanın azadlığa buraxılması müsbət qiymətləndirilib. “Mən dinc mitinqlərin təşkilinə görə həbs olunmuş digər 16 siyasi məhbusu, həmçinin qalan vicdan məhbuslarını azad etməyə çağırıram”, - deyə məktubda deyilir.
Senator Fərhad və Rafiq Əliyev qardaşlarının indiyədək həbsdə saxlanmasından “dərin narahatlığını” bildirib. Halbuki, onlar Azərbaycan CM-in 76 və 78-ci maddələrinə müvafiq olaraq (şərti olaraq vaxtından əvvəl azad etmək və səhhəti ilə əlaqədar) azad edilə bilərdi. “Bir prezident kimi Əliyev qardaşlarını və digər vicdan məhbuslarını azad etmək iqtidarına maliksiniz. Bu, ədalətli və düzgün qərar olardı, bizim ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə xidmət edərdi. ABŞ onunla yalnız əməkdaşlıq edən yox, həm də ümumi dəyərləri bölüşən, insan hüquqlarına, öz vətəndaşlarının azadlığına hörmət edən ölkələrlə münasibətləri qiymətləndirir”, - deyə senator məktubda qeyd edir.