Amerika, Rusiya və Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış edib

  • Amerikanın səsi

Amerika, Rusiya və Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış edib

ABŞ, Rusiya və Fransa prezidentləri Ermənistanla Azərbaycanı siyasi iradə nümayiş etdirərək iyunda keçiriləcək Ermənistan-Azərbaycan sammiti zamanı Dağlıq Qarabağ nizamlanmasının əsas prinsipləri üzərində işi başa çatdırmağa çağırıb.

Bu barədə Dovildə sammitdə iştirak edən Amerika prezidenti Barak Obama, Rusiya prezidenti Dmitri Medvedev və Fransa prezidenti Nikola Sarkozinin birgə bəyanatında deyilir.

“Gələcək yubanma tərəflərin razılığın əldə olunmasına sadiqliyi məsələsini sual altına qoya bilər”, - deyə ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentlərinin bəyanatında vurğulanır.

"Razılıq nə vaxt əldə olunsa, biz bu prinsiplərin formal qəbuluna şahidlik etməyə, sülh sazişinin hazırlanmasına yardım etməyə və onun yerinə yetirilməsini beynəlxalq tərəfdaşlarımızla dəstəkləməyə hazırıq”, - deyə sənəddə qeyd edilir.

“Biz bildiririk ki, yalnız danışıqlar yolu ilə sülhə, sabitliyə və barışığa nail olmaq olar, regional inkişafa və əməkdaşlığa imkanlar açmaq olar”, - bəyanatda deyilir.

Obama, Sarkozi və Medvedev əmindir ki, “tərəflərin Dağlıq Qarabağ münaqişəsində dinc nizamlanmaya doğru addım atmasının vaxtı çatıb”. “Müharibənin yenidən bərpası yalnız yeni əzablar və dağıntılar gətirəcək ki, bu da beynəlxalq birlik tərəfindən mühakimə olunacaq. Biz tərəflərin liderlərini əhalini müharibəyə yox, sülhə hazırlamağa çağırırıq”, - sənəddə vurğulanır.

“Tərəflərin göstərdiyi səylər nəticəsində, həmçinin həmsədr ölkələr səviyyəsində mühüm irəliləyiş əldə olanacaq. Martın 5-də Soçidə müzakirə olunan əsas prinsiplərin sonuncu versiyası hərtərəfli dinc nizamlanmanın hazırlanması üçün ədalətli və balanslı zəmin yaradır”, - bəyanatda qeyd olunur.