Eynulla Fətullayev və jurnalistlər aclığı dayandırıb

Eynulla Fətullayev və jurnalistlər aclığı dayandırıb

Həbsdə olan jurnalist Fətullayev bildirib ki, artıq bir çox xalqlar qarşı fikrə dözümsüzlüyü və ifadə azadlığına qarşı nifrət virusları yayan bu xəstəlikdən canını qurtarıb. Biz isə hələ də istisnalar içindəyik

Bu il noyabrın 11-də Azərbaycan Ali Məhkəmənin Plenumunda jurnalist Eynulla Fətullayevin işinə baxılacaq. Bununla əlaqədar olaraq jurnalist Avropa İnsan Hüquqları Məhkəməsinin onun həbsdən azad edilməsi barədə qərarının icra edilməməsinə etiraz olaraq keçirdiyi 10 günlük aclıq aksiyasını bu gün dayandırıb. Cənab Fətullayev həmçinin onun tələbini dəstəkləyən jurnalistləri də aclıq aksiyasını dayandırmağa səsləyib. Təklif qəbul edilib və jurnalistlər də aksiyanı dayandırıb.

O Azərbaycanda bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərində azadlıq uğrunda mübarizə aparan bütün insanlara müvəffəqiyyət arzulayır. Jurnalist 30 oktyabr dünyada siyasi məhbuslar gününü də yaddan çıxarmayıb. O bütün siyasi məhbuslara azadlıq arzulayır. “Sabah bütün dünya siyasi məhbuslar gününü qeyd edəcək. Artıq bir çox xalqlar qarşı fikrə dözümsüzlüyü və ifadə azadlığına qarşı nifrət virusları yayan bu xəstəlikdən canını qurtarıb. Biz isə hələ də istisnalar içindəyik. Görünür elə xəstəliklər var ki, xəstələrlə birlikdə qeybə çəkilir. 30 oktyabr – siyasi məhbuslar gününün anımı daha çox gələcək üçün nostalji duyğuları ilə bağlıdır. Bütövlükdə ölkəmizin keçmişi bizdə daha çox ağrı və kədər hisslərini oyadır, ona görə gəlin gələcəyin qeyri-müəyyənliyinə nostalji hissi ilə bağlanaq...

Cənab Fətullayev bir daha xatırladır ki, 30 oktyabr 2007-ci ildə Azərbaycan məhkəməsi tərəfindən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. “30 oktyabr bizi bu gün də təqib edir”, - deyə aclığını dayandırdığı günün məhz siyasi məhbus günü ilə eyni vaxta düşdüyünə eyham vurub. .

Aclıq edən jurnalistlər Elşən Balaxanlı və Natiq Cavadı aclığı dayandırsa da Avropa Məhkəməsinin Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsi barədə qərarının yerinə yetirilməsini tələb edirlər.