Accessibility links

Jurnalist Eynulla Fətullayev aclığı davam etdirir


Jurnalist Eynulla Fətullayev aclığı davam etdirir
Jurnalist Eynulla Fətullayev aclığı davam etdirir

Eynulla Fətullayev Avropa İnsan Haqları Məhkəməsinin onun dərhal həbsdən azad edilməsi barədə qərarının icra edilməsini tələb edir

Jurnalist Eynulla Fətullayev oktyabrın 19-dan Bakı İstintaq Təcridxanasında başladığı aclıq aksiyasını davam etdirir. Cənab Fətullayev Avropa İnsan Haqları Məhkəməsinin onun həbsdən dərhal azadlığa buraxılması barədə qərarının Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməsini tələb edir.

Avropa İnsan Haqları Məhkəməsi bu il aprelin 22-də Eynulla Fətullayevin həbsdən dərhal azad edilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycan hökuməti məhkəmənin qərarından Böyük Palataya şikayət edib. Böyük Palata hökumətin şikayətini qəbul etməyib və məhkəmənin qərarını qüvvədə saxlayıb

Oktyabrın 20-dən Eynulla Fətullayevə dəstək məqsədi ilə “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu, “Azadlıq” qəzetinin köşə yazarı Qan Turalı və “Yüksəliş Naminə” qəzetinin əməkdaşı Elçin Həsənov aclıq aksiyasına qoşulub. Bu gün hər üç jurnalist aclığı dayandırıb və yeniləri aksiyaya qoşulub.

Beləliklə, Eynulla Fətullayev artıq 7-ci gündür aclıq edir. Hazırda aksiyanı “Yeni Müsavat” qəzetinin əməkdaşı Samir Kazımlı, “Azadlıq” qəzetinin əməkdaşı Qabil Zimistanğolu və köşə yazarı Seymur Baycan davam etdirir. Aksiyaya gənc siyasi fəal Emin Axundov da qoşulub.
Vəkili Elçin Sadıqov bildirib ki, Eynulla Fətullayevin səhhətində problem yoxdur.

Jurnalistlərin aclıq aksiyasına hökumət indiyədək reaksiya verməyib.

Müxalifətdə olan “Müsavat” partiyası Azərbaycan hökumətindən Avropa İnsan Haqları Məhkəməsinin Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsi barədə qərarını həyata keçirməyi tələb edib. Partiyanın divanı eyni zamanda, Eynulla Fətullayevin həbsdən azad edilməsi ilə bağlı onun özünün və digər jurnalistlərin keçirdiyi aclıq aksiyasını mənəvi-siyasi baxımdan müdafiə etsə də, onlardan aclığı dayandırmağı xahiş edib.

İfadə Azadlığı Komitəsinin işçi qrupunun üzvləri və bir qrup media təmsilçisi də Eynulla Fətullayevə müraciət edərək aclıq aksiyasını dayandırmağa çağırıb.

Eynulla Fətullayev 2007-ci ildə 8 il yarım müddətə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG