Accessibility links

Jurnalistlərin aclıq aksiyası davam edir


Jurnalistlərin aclıq aksiyası davam edir
Jurnalistlərin aclıq aksiyası davam edir

Artikl 19, Freedom House, Senzura İndeksi, Beynəlxalq Jurnalistlər Federasiyası, KİV müxtəlifliyi İnstitutu, ACİ, Press Now, Sərhədsiz Reportyorlar və Beynəlxalq Qəzet və Nəşriyyatlar Assosiasiyası “Azərbaycanda söz azadlığı təhlükə altında, media mühitinin pisləşməsi” adlı birgə məruzə yayıb

Həbsdə olan jurnalist Eynulla Fətullayevə dəstək məqsədi ilə oktyabrın 20-də başlanan aclıq aksiyası Müsavat Partiyasının qərargahında davam edir.

Oktyabrın 19-da “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsxanada aclıq aksiyasına başlayıb. O Azərbaycan hökumətinin Avropa İnsan Haqları Məhkəməsinin baş redaktorun dərhal həbsdən azad edilməsi ilə bağlı qərarını yerinə yetirməsini tələb edir. Oktyabrın 20-də “Gündəlik Azərbaycan”

qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu, “Azadlıq” qəzetinin köşə yazarı Qan Turalı və “Yüksəliş Naminə” qəzetinin əməkdaşı Elçin Həsənov aclıq aksiyasına qoşulub.
Hazırda aclıq edənlərdən Elçin Həsənovun təzyiqi çox aşağı düşüb. Digər jurnalistlərin isə səhhəti normaldır.
”Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli isə sabahdan Eynulla Fətullayevə dəstək məqsədi ilə aclığa başlayacağını bildirib.

Bu gün həmçinin Azərbaycan üzrə beynəlxalq partnyor qrupunun üzvləri olan Artikl 19, Freedom House, Senzura İndeksi, Beynəlxalq Jurnalistlər Federasiyası, KİV müxtəlifliyi İnstitutu, ACİ, Press Now, Sərhədsiz Reportyorlar və Beynəlxalq Qəzet və Nəşriyyatlar Assosiasiyası “Azərbaycanda söz azadlığı təhlükə altında, media mühitinin pisləşməsi” adlı məruzə yayıb. Məruzəni hazırlayan Azərbaycan üzrə beynəlxalq partnyor qrupunun üzvləri bu il sentyabrın 7-dən 9-dək Azərbaycanda səfərdə olub.

Məruzədə 9 təşkilatın 2010-cu ilin sentyabr ayında Bakıda olan birgə missiyasının gəldiyi nəticələr əksini tapıb.

“Azərbaycanda jurnalistlərə hücum edənlər və ya onları təqib edənlər bilirlər ki, bu cinayətlərinə görə cəzalandırılmayacaqlar. Hakimiyyətin bu halları araşdırmaması qorxu və zəiflik mühitinə böyük təsir göstərir”, - deyə Artikl 19-un icraçı direktoru Anyes Kallamar bildirib.
Məruzədə deyilir ki, söz azadlığının vəziyyətinin pisləşməsi narahatlıq doğuran təmayüllərin, o cümlədən jurnalistlərin və blogerlərin tənqidi fikirlərinə görə həbsinin, jurnalistlərə qarşı zorakılığın və bu cinayətləri törədənlərin cəzalandırılmamasının, diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməməsinin nəticəsidir. Bu təmayüllər 7 noyabr 2010-cu il parlament seçkiləri baxımından xüsusilə təhlükəlidir.
“Ölkədə qorxu, maliyyə təzyiqi və kiçik auditoriya şəraitində fəaliyyətini davam etdirməyə çalışan cəmi bir neçə müstəqil media var. Köklü islahatlara hədsiz zərurət var”, deyə Ümumdünya Qəzet və Nəşriyyatlar Assosiasiyası (WAN-IFRA) missiyasının əlaqələndiricisi Rodriqo Bonilyaqeyd edib.
Missiya həbsdə olan jurnalist və blogerlərin dərhal azad edilməsini, diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvini tələb edir.

XS
SM
MD
LG