Əkbər Azad: Prezident Ruhaninin türklərə verdiyi vədlərin əksinə əməl edildi [Audio-Müsahibə]

Əkbər Azad prezident Həsən Ruhani dönəmində Azərbaycan vilayətlərindəki problemlərin həlli üçün heç bir iş görülmədiyini vurğulayır. Tehrandan Amerikanın Səsinə danışan tanınmış yazar və milli fəal qarşıdan gələn prezident və şura seçkilərinə dair düşüncələrini açıqlayıb. O, həmçinin prezident Həsən Ruhaninin nailiyyətləri və uğursuzluqlarını dəyərləndirməklə yanaşı Ruhani dönəmi ilə Əhmədinejad dönəmini müqayisə edib.

Your browser doesn’t support HTML5

Əkbər Azad Amerikanın Səsinə danışır


Əkbər Azadın sözlərinə görə, Həsən Ruhani hakimiyyətində İran Azərbaycanının problemləri o cümlədən, türk dilinin tədrisi və Urmiyə Gölünün canlandırılması istiqamətində heç bir müsbət irəliləmə olmayıb. O, həmçinin güneydəki işsizlik və mühacirət məsələsinin də önəmli bir problem olmağa davam etdiyini vurğulayır.

Dörd il öncə vəd verdin, səs aldın. O vədlərin heç olmasa yarısına, üçdə birinə, beşdə birinə əməl edəydin.
Əkbər Azad

“Cənab Ruhani Azərbaycanda söz vermişdi ki, İran konstitusiyasında icra olunmamış 15 və 19-cu maddələri icraya qoyacaq. Bu maddələr icraya getsəydi, təbii halda türk dili məktəblər və universitetlərdə tədris olunmalı idi. Amma seçkilərdən az müddət sonra onun özünə köməkçi olaraq seçdiyi rəsmilərin danışıqları və əməlləri bu vədlərin əksinə oldu,” deyə o söyləyir.

Əkbər Azad son vaxtlar bir neçə digər türk dil haqları fəalı ilə bərabər 10 il həbs və iki il sürgün cəzasına məhkum edilib. Onun sözlərinə əsasən, prezident Ruhaninin vədlərinin yerinə yetirilməməsindən əlavə, bu illərdə türk fəallar üçün şərait keçmişə görə daha da ağırlaşıb:

Əkbər Azad bir neçə ay öncə dörd digər fəalla bərabər 10 il həbs və iki il sürgünə məhkum edilib.

“Deyə bilərəm ki, müəyyən təşəbbüslər ilə keçmişdə görə bildiyimiz bəzi işlərin də qarşısı alındı və sərt yanaşdılar. Mən özüm dəfələrlə cənab Ruhaninin müavininə müraciət etdim. Bizim 10-15 NGO-dan (QHT) ibarət olan Azərbaycan Mədəni Dərnəklər Birliyi adlı bir təşkilatımız var idi. Başqanı mən idim. İstəklərimizi yazıb, müraciət edərək rəsmi məktub şəklində verdik. Nəhayətdə bizi qəbul etmədilər və onun ardınca sıxıntı-boğuntu da bir az artdı.”

Azərbaycan əhalisi ailələrinin məişətini təmin etmək məqsədi ilə çalışmaq üçün Tehran, Kirman, İsfahan və Bəndər-Abbas kimi bölgələrə mühacirət edirlər və öz yurdlarından didərgin düşürlər. Cənab Ruhani bu sahədə də bir iş görmədi.
Əkbər Azad

O, əlavə edir, “Azərbaycanın mühüm məsələlərindən biri budur ki, həmişə mühacir göndərir. Yəni Azərbaycan əhalisi ailələrinin məişətini təmin etmək məqsədi ilə çalışmaq üçün Tehran, Kirman, İsfahan və Bəndər-Abbas kimi bölgələrə mühacirət edirlər və öz yurdlarından didərgin düşürlər. Cənab Ruhani bu sahədə də bir iş görmədi.”

Tehranda yaşayan türk fəalın anlatdıqlarına görə, Azərbaycan əhalisi seçki kampaniyalarında prezident Ruhaniyə vədlərini yerinə yetirmədiyi üçün təpkilər göstərir. O, prezident Ruhaninin bir neçə gün əvvəl həyata keçirdiyi Qərbi Azərbaycan səfərinə diqqət çəkir:

Urmiyədə üç dəstə cənab Ruhanini qarşıladılar. Biri, onlar ki, az-çox cənab Ruhaniyə meyl göstərirlər. Bunların sayı çox az idi və hesaba gəlməzdi. Bir dəstə də Azərbaycan məsələsindən uzaq olaraq o biri namizədlər tərəfindən məmur olmuşdular ki, cənab Ruhaniyə təhqiramiz şəkildə yanaşsınlar və bunların bəzi təşəbbüsləri də oldu. Bir dəstə də Azərbaycan gəncləri idi ki; vədlər əsasında dedilər ki, sən dörd il öncə verdiyin vədlərin eynisini ya o vədlərə oxşar sözləri bu gün yenidən bizə deyirsən. Dörd il öncə vəd verdin, səs aldın. O vədlərin heç olmasa yarısına, üçdə birinə, beşdə birinə əməl edəydin...”

Cənab Ruhani özündən öncəki hökümətə nisbət toxtaqlıq gətiribdir. Ancaq bu toxtaqlıq elə deyil ki əhalini razı salsın. İşsizlik məsələsi və verdiyi vədlərin təmin olmadığı üçün əhali arasında bir növ narazılıq görünür.
Əkbər Azad

Cənab Azad eyni zamanda prezident Ruhaninin ümumölkə miqyasında əldə etdiyi uğurlar haqqında da danışır.

“Cənab Ruhani özündən öncəki hökümətə nisbət toxtaqlıq gətiribdir. Ancaq bu toxtaqlıq elə deyil ki əhalini razı salsın. İşsizlik məsələsi və verdiyi vədlərin təmin olmadığı üçün əhali arasında bir növ narazılıq görünür. Cənab Ruhaninin müsbət işlərindən biri nüvə məsələsinin həll olunması və yoluna qoyulması idi ki, təhlükəni İrandan uzaqlaşdırdı. Həmçinin, Əhmədinejad dövrünə görə səhiyyə sahəsində də müsbət addımlar olub..,” deyə yazar dilə gətirir.

Əkbər Azad müsahibədə həmçinin xüsusilə Qərbi Azərbaycan vilayətində Şəhərlər və Kəndlərin İslami Şuraları seçkilərinə dair vəziyyəti şərh edib.