İranın Şərqi Azərbaycan vilayətində yerləşən Süngün mis mədəni kompleksinin şirkətləri işdən çıxardıqları işçiləri müdafiə edən insan haqları vəkili Əsgər Məhəmmmədini məhkəməyə veriblər.
Əsgər Məhəmmədi öz Instagram səhifəsində yaydığı açıqlamada Süngün kompleksi şirkətlərinin şikayəti əsasında mart ayının 1-də məhkəməyə müraciət edəcəyini bildirib. Şirkətlər onu "yalan məlumat yaymaq", "böhtan atmaq" və "təhqir etməkdə" ittiham edirlər.
Keçən ilin iyul ayında Süngün mis mədəni kompleksinin podratçı şirkətlərində çalışan işçilərin "maaşların bərabərləşdirilməsi" tələbi ilə başlatdıqları və təqribən bir həftə davam edən tətil və aksiyalar zamanı bir çox işçi nəzarət altına alınmışdı.
Əsgər Məhəmmədi açıqlamasında vəkillik vəzifəsinə əsasən, əllərindən alınan hüquqlarını tələb edən işçiləri müdafiə etdiyini qeyd edib.
SEE ALSO: Şərqi Azərbaycanda mədən işçilərinin etirazı davam edir"Süngün mis mədəninin işçiləri iyul ayında maaşların bərabərləşdirilməsi tələbilə tətil keçirdilər. Ancaq, dövlət mis şirkəti daha tez davranaraq tətil keçirən işçiləri məhkəməyə verdi. Vərziqan şəhərinin prokuroru isə 40-dan artıq işçinin həbs edilməsinə dair qərar çıxardı. Bunun ardınca milli mis şirkəti o işçiləri işdən qovdu və təqribən 8 aydır ki, həmin işçilər işlərinə qayıda bilməyiblər. İşçilərdən 235 milyard tümənlik təzminat tələb edirlər. Mən işdən qovulan işçilərə müraciət edərək vəkillik vəzifəmə əsasən və Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının bir üzvü olaraq saxlanılan və işdən qovulan işçilərin vəkalətini öhdəmə götürdüm və davamlı müraciətlər nəticəsində və işçilərin xeyrinə bəzi dəlilləri əldə edərək, onların itirilmiş hüquqlarının kiçik bir hissəsini onlara qaytarmağı bacardım," insan haqları vəkili yazıb.
Məhəmmədi "vəkillik vəzifəsini yerinə yetirdiyi üçün" mart ayının 1-də Vərziqan Cəza Məhkəməsinin 101-ci şöbəsində mühakimə ediləcəyini bildirib.
SEE ALSO: Şərqi Azərbaycanda həbs edilən mədən işçilərinin sayı artırO, yazıb ki, "görünən odur ki, milli mis şirkətinə çalışan podratçı şirkətlər işçilərin hüququnun müdafiə edilməsinə təhəmmül etmirlər. Bəlkə də işçiləri vəkil tutmağa layiq görmürlər. Çünki, şirkətlərin vəkilləri məhkəməyə verdiyim müdafiə layihəsi və dəlillərə işarə edərək məni yalan məlumat yaymaq, iftira atmaq və təhqir etməkdə ittiham ediblər. Mən vəkillik vəzifəmi yerinə yetirdiyim üçün sözü gedən ittihamlarla mühakimə ediləcəyəm. Ədalət ümidi ilə!"
Əgər Məhəmmədi keçən illərdən bəri İran Azərbaycanının müxtəlif şəhərlərində işçilər, türk dil haqları fəalları və mədəni fəaliyyətləri səbəbilə mühakimə olunan digər qrupları məhkəmələrdə müdafiə edib.