Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində bir aydan artıqdır həbsdə saxlanılan jurnalist və milli fəal Behnam Zareinin nəzarət müddəti uzadılıb.
Keçən iyul ayının 9-da İranın təhlükəsizlik qüvvələri tərəfindən Vərziqan şəhərində nəzarət altına alınan Zarei bir aylıq nəzarət qərarı ilə Əhər həbsxanasına göndərilmişdi. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, Vərziqanın ümumi və inqilab prokurorluğu bir aylıq müddət başa çatdıqdan sonra jurnalistin nəzarət müddətini uzadıb.
Behnam Zareinin “müxalif qrupların xeyrinə nizama qarşı təbliğat fəaliyyəti” göstərməkdə ittiham edildiyi bildirilib.
“İran İşçilərinin Azad Birliyinin” daha əvvəl yaydığı məlumata əsasən, Zarei keçən iyul ayında Süngün mis mədəni kompleksində baş verən işçi aksiyaları ilə əlaqədar xəbər yaydığı üçün saxlanılıb.
Süngün mis mədəni kompleksinin podratçı şirkətlərinə çalışan işçilərin keçən iyul ayının 5-də başlatdığı və azı 5 gün davam edən aksiyalarda təqribən 20 işçinin nəzarət altına alındığı bildirmişdi.
Behnam Zarei Təbriz Universitetində kənd təsərrüfatı üzrə ali təhsilini bitirib. O, tələbəlik dönəmində həmin universitetdə nəşr edilən "Ərk" adlı tələbə dərgisinin redaktoru olub.