İranda yoxa çıxan azərbaycanlı fəalların sayı 500-dən artıqdır

Təbrizdə izdihamlı mitinq keçirilib

Bu həftə mayın 22-də İran Azərbaycanının bir sıra şəhərlərində 2006-cı il Xordad – May hərəkatının ildönümü ilə bağlı kütləvi aksiyalar keçirilib. Ən böyük nümayişin Təbriz şəhərində baş tutduğu bildirilir. Aksiyaya 10 mindən 20 minə qədər adamın qatıldığı xəbər verilib.

500-dən artıq azərbaycanlı fəalın itkin düşdüyü bildirilir

Son həftə ərzində Təbrizdə tutulanların sayı haqda dəqiq məlumat yoxdur. İranın rəsmi orqanları 15 nəfər «xarici amilin» həbsi ilə 22 may aksiyalarına mane olduğunu iddia etsə də yerli nümayəndələr, o cümlədən Urmiyənin keçmiş millət vəkili Təbrizdə tutulanların sayının bundan qat-qat çox olduğunu bildirib. Azərbaycanlı siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani Amerikanın səsinə müsahibəsində Təbrizdən 500-dən artıq adamın itkin düşdüyü barədə məlumatlar alındığını, indi onlardan hansının həbsdə olduğu, hansının həbs olunmamaq üçün gizləndiyi barədə məlumatların dəqiqləşdirildiyini deyib. İndiyə qədər Təbrizdə yüzdən artıq fəalın həbsi barədə məlumat dəqiqləşdirilib.

Aksiyadan sonrakı günlərdə də digər şəhərlərdə həbslər davam edib. Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komtəsinin sözçüsü Əlirza Cavanbəxt məhbusların sayı ilə bağlı son məlumatı bizə çatdırıb.

Mayın 22-də Təbriz telekanalının xəbərlərində məhbuslara qarşı heç bir işgəncə tətbiq olunmadığı bildirilib. Lakin «Amerikanın səsi» radiosuna müsahibə verən Barış Türkoğlunun sözlərinə görə, fəallara ailə üzvləri və vəkilləri ilə görüş imkanı verilmir və məhbəsdəki mənbələr şiddətli işgəncələr barədə xəbər verir.

ASMEK sözçüsü Əlirza Quluncu məhbusların bir çoxunun nəinki vəkillə, hətta ailələri ilə də görüşə bilmədiyini deyib.

Urmiyəli tələbəni Ettelaatda gizlədirlər

Hüquq müdafiəçilərinin sözlərini Urmiyədə həbs olunmuş 24 yaşlı tələbə Əkbər Paşayinin qardaşı Mehdi Paşayinin dedikləri də təsdiqləyir. Urmiya universitetinin tələbəsi və Ustad Şəhriyar tələbə ocağının rəhbəri Əkbər Paşayini Universitet məsulları mayın 22-də özləri Ettelaat məmurlarına təhvil veriblər. Mehdi Paşayi qardaşının ettelaata aparıldığı barədə xəbəri aldıqdan sonra yaşadığı Miyanə şəhərindən Urmiyəyə gəlib, lakin Əkbərin harada olduğu barədə xəbəri çox çətinliklə ala bilib.

Əlirza Quluncu məhbusların ailələrinə olan təzyiqlər ucbatından məlumatları almaqda çətinlik çəkdiklərini deyib.

Ərdəbil və Zəncanda həbslər

Mayın 22-də Ərdəbildəki aksiyalar zamanı və aksiyalardan əvvəl tutulan milli fəallardan 40 nəfərinin Ərdəbil həbsxanasına aparıldığı bildirilir. Ərdəbil həbsxanasına salınan milli fəallar arasında Mehdi Məhəmmədpur, Hüseyn Səbəbi və tanınmış ədəbiyyatçı Əlirza Həmidəxunun da olduğu deyilir.

Mehdi Məhəmmədpur və Hüseyn Səbəbi son bir ay ərzində ikinci dəfədir ki həbs olunublar. Öncəki həbsləri zamanı onların hər ikisinə işgəncə verildiyi bildirilir.

Ötən il mayın 24-də ən çox qanlı hadisələrə şahid olan Sulduz (Nəqədə) şəhərində bu günün ildönümü ilə əlaqədar şəhər əhalisi həlak olanların məzarı üstə toplaşaraq yas mərasimi keçirib.

Azərbaycanlıları təhqir edən karikaturalara qarşı bir il bundan əvvəl keçirilən etirazlar Sulduzda polisin nümayişçilərə atəş açması və dörd nəfərin qətlə yetirilməsi ilə nəticələnmişdi.

ASMEK sözçüsü Əlirza Quluncu dünən Zəncan şəhərində hüquq müdafiəçisi Səid Mətinpurun da həbs olunduğunu bildirdi.

Universitetlərdə etirazlar davam edir

Təbriz və Həmədan universitetində isə mayın 23-ü və 24-ü etirazlar davam

edib və tələbələr arasında həbslərə etiraz olaraq yeni mitinqlərə çağırış vərəqələri paylanıb. Həmədan universitetinin tələbələri ağızlarına lent yapışdırıb və Universitetin böyük zalında əllərində 35 milyon azərbaycanlıya danışmaq və anba dilində təhsil hüququ kimi şüarlar tutublar. Bu şəhərdə hər hansı həbslər barədə məlumat yoxdur. Mayın 24-də Təbriz universitetinin qarşısında etiraz aksiyası keçirilib.

"OLAYLAR" agentliyi bildirir ki, tələbələr iki gün öncə keçirilən aksiyalardan sonra ETTELAAT-a aparılmış tələbə Nadir Mehdi Qarabağinin azad olunmasını tələb ediblər. Aksiyada xanım tələbələr də iştirak edib.

Məlumata görə, tələbələr siyasi fəalın buraxılması üçün universitetin əsas giriş qapısına doğru yürüş ediblər. Təhlükəsizlik qüvvələri tələbələrin qarşısını ala bilməyib. Tələbələr N.Mehdi Qarabaği azad edilməsə, universitetdən çıxacaqlarını bəyan ediblər. Aksiyanın qətnaməsi oxunub. Milli Marş oxunduqdan sonra aksiyaya son qoyulub Təbriz tələbələri bu günlərdə oturaq aksiya keçirəcəklərini bəyan edirlər. «Media forum» saytının məlumatına görə, tələbələr bununla bağlı yaydıqları bəyanatda oturaq aksiyada başqa universitet tələbələrinin iştirak edəcəyini də vurğulayıblar.

Urmiyədə vəziyyət gərgin olaraq qalır

Jurnalist İsmayıl Cavadinin sözlərinə görə,Urmiyə universitetində də aksiyalara çağırışlar səslənməkdədir. Ümumiyyətlə Urmiyədə fövqəladə vəziyyətin davam etdiyi, fəalların iş yeri və evlərinin nəzarət altında olduğu bildirilir. Urmiyədən servisimizə məlumatları çatdıran jurnalist Cavadi mayın 23 də Ettelaat idarəsinə çağırılaraq təhdid edilib. Ona Amerikanın səsinə müsahibə verməsi irad tutublar və daha bu məlumatıları ötürməyəcəyui haqda iltizam almaq istəyiblər. Cənab Cavadi bu iltizamı verməkdən imtina edib. Çünki onun sözlərinə görə, "dünya Güney Azərbaycanda baş verənlərdən xəbər tutmalıdır".