İnsan hüquq müdafiəçiləri 22 May İran Azərbaycanında keçən mitinqlərlə bağlı həbs olunanların və yaralananların sayını və adını dəqiqləşdirməkdə davam etdiyi bir zaman bu gün Təbriz bazarında həbslərin davam etdiyi və polislə yüzə yaxın gənc fəal arasında qarşıdurmanın olduğu bildirilir. Təbrizdən son xəbərləri milli hüquqlar uğrunda mübarizə fəalı Barış Türkoğludan almışıq. Onun sözlərinə görə, bu gün Təbriz bazarında yüzə yaxın gənc fəalla kütləvi həbslər məqsədilə reyd keçirən polis arasında toqquşma olub.
Barış Türkoğlu dünən minlərlə azərbaycanlı fəalın qatıldığı aksiyada yaralananların da "səyyar zindan" adı altında tanınan polis maşınına atıldığını və həbs olunanların hamısının Təbrizin mərkəzi zindanına aparıldığını deyiblər.
Mayın 22-də Təbriz telekanalının xəbərlərində məhbuslara qarşı heç bir işgəncə tətbiq olunmadığı bildirilib. Lakin fəallara ailə üzvləri və vəkilləri ilə görüş imkanı verilmir və Barış Türkoğlunun sözlərinə görə, məhbəsdəki mənbələr şiddətli işgəncələr barədə xəbər verir. Təbriz tələbələrindən də həbs olunan var. Tələbələr arasında həbslərə etiraz olaraq, yeni mitinqlərə çağırış vərəqələri paylanır.
İran Azərbaycanında 2006-cı ilin may hərəkatının ildönümü ilə bağlı aksiyalar yüzlərlə insanın həbsinə səbəb olub. Hətta geniş mitinqlərin baş tutmadığı şəhərlərdə də onlarla həbs barədə məlumat var. Urmiyədə etirazların mayın 23-də də davam edəcəyi barədə şayiələr nəzarətin artırılması ilə nəticələnib. Fəalların iş yeri və evlərinin nəzarət altında olduğu, kütləvi həbslərin keçirildiyi bildirilir. Mayın 22-də Urmiyə universitetinin tələbəsi və Ustad Şəhriyar tələbə ocağının rəhbəri Əkbər Paşayi həbs olunub. Paşayini universitetin təhlükəsizlik məmurları özləri tutaraq Ettelaat idarəsinə təslim ediblər.
ASMEK Urmiyədə bu günə qədər həbsə alınanlarin sayının 80-den artıq olduğunu bildirir.
Zəncanda Telnaz Neməti adlı qadın fəal mayın 22-də həbs edilib, bu gün azadlığa buraxılıb.
Qum şəhərinfə din xadimləri - höccətülislam Əbdüləzim Əzimiqədim və Höccətülislam Seyid Heydər Bəyat da daxil olmaqla 6 nəfər şəriət məhkəməsinə çağırılıb. Höccətülislam Seyid Heydər Bəyat məhkəmədə qazi tərəfindən təhdidlərə tuş gəldiklərini deyib. Onlardan insanları mitinq keçirməməyə təşviq etmək tələb olunub.
Bu gün Beynəlxalq Amnistiya təşkilatı açıqladığı illik hesabatda azərbaycanlıların İranda basqılara məruz qaldığını qeyd edib. Beynbəlxalq Amnistiyanın Londondakı sözçüsü Drueri Dayk bu günlərdə baş verən həbslərin qurum tərəfindən diqqətlə izləndiyini deyib.
Cənab Daykın sözlərinə görə, son vaxtlarla yüzlərlə həbslərin və məhbusların işgəncələrə məruz qaldığı barədə məlumatlar gəlməkdədir. “Biz İranda qorxu siyasətinə son qoyulmasının vacibliyini görürük” deyə cənab Dayk deyib. Beynəlxalq Amnistiyanın sözçüsü son həbslərlə bağlı qurumun təcili tədbir kampaniyaları başlayacağını və bəyanatlar verəcəyini deyib.