BBG ANS telekanalının bağlanmasından üzüldüyünü bildirib

ABŞ Beynəlxalq Yayım İdarəetmə Şurası (BBG) Azərbaycanın ilk özəl radio və televiziya kanalı olan, eləcə də Amerikanın Səsi və Azadlıq Radiosunun verilişlərini yayan ANS telekanalının qəflətən və zor gücünə bağlanması ilə əlaqədar üzüntüsünü və narahatlığını bildirir.

BBG-nin sədri Kennet Tomlinson aksiyanı Azərbaycan xalqını ona gərək olan müstəqil xəbər və informasiya qaynağından məhrum etmək cəhdi kimi qiymətləndirərək, pisləmişdir. “Bu bizim son zamanlar ABŞ-ın beynəlxalq yayımlarının ölkədaxili kanallara çıxışdan məhrum etmək cəhdlərindən gördüyümüz və təəssüfümüzə səbəb olan meyllərin bir hissəsidir,” deyə cənab Tomlinson bildirib. - “Lakin bu cəhdlər bizi dəqiq, doğru informasiyanı Azərbaycana və dünyanın başqa ölkələrinə çatdırmaq missiyasından döndərməyəcək".

Azad Avropa/Azadlıq Radiosunun president əvəzi Cefri Trimbl ANS-in bağlanmasını “Azərbaycanda son illərdə intensiv hücumlara məruz qalan medianın azadlığına növbəti həmlə” adlandırıb. Trimbl İlham Əliyev hökumətini Azərbaycan konstitusiyasında nəzərdə tutulmuş və ATƏT, Avropa Şurası kimi təşkilatlar qarşısında götürülmüş media azadlığı barədə öhdəlikləri yerinə yetirməyə və ANS-i, o cümlədən Azadlıq radiosunun proqramlarını efirə qaytarmağa çağırıb.

Beynəlxalq Yayım İdarəetmə Şurası (BBG) müstəqil federal agentliyi olaraq, Birləşmiş Ştatlar hökumətinin dəstəklədiyi qeyri-hərbi beynəlxalq yayım qurumlarına, o cümlədən Amerikanın səsi, Azad Avropa/Azadlıq Radiosu, Yaxın Şərq Yayım Şəbəkələri (Əlhurra TV və Radio Sava), Azad Asiya Radiosu, Kuba Yayım Ofisinə (Marti TV və Radiosu) rəhbərlik edir. BBG-nin yayım qurumlarının auditoriyası 140 milyondur. Hal-hazırda Şuraya Kennet Tomlinson, Joakin Blaya, Blankita Kullum, Cefri Hörşberq, Edvard Kaufma və Stiven Simmons daxildirlər. ABŞ dövlət katibi Kondoliza Rays Şuranın ex-officio (avtomatik) üzvüdür.