Accessibility links

Azadlıq qəzeti və Turan agentliyi yerləşdikləri binadan çıxarıldılar


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin iddiası əsasında noyabrın 24-ü saat 14:00-da 1 saylı İqtisad məhkəməsində başlanan məhkəmə prosesi beş saatdan sonra "Azadlıq" qəzetinin, Turan agentliyinin və digər qurumların Xaqani küçəsi 33-də yerləşən binadan çıxarılması barədə qərarın qəbul edilməsi ilə başa çatıb.

Məhkəmə iddianı təmin etməklə yanaşı, onun təcili yerinə yetirilməsi haqda qərar qəbul edib. Qərardan bir ay ərzində apellyasiya şikayəti verilə bilər.

Elə həmin gün axşam saatlarında Bakı şəhər Polis İdarəsinin əməkdaşları əllərində məhkəmə orderi olmadan binaya gələrək, binada yerləşən təşkilatların hər birindən 2 nəfər çıxmaq şərtilə bütün işçıləri binadan çıxarıblar.

«Azadlıq» qəzetinin çapa hazırlanan, növbəti gün köşklərə çıxmalı olan sayının işıq üzü görməsi üçün qəzetin kollektivi «Yeni Müsavat»ın redaksiyasına yollanıb.

"Turan" İnformasiya Agentliyinin fəaliyyəti isə tam iflic vəziyyətinə düşüb. Bütün jurnalistlər, ATƏT-in, səfirliklərin nümayəndələri binanın ətrafından uzaqlaşdırılıblar. Polis jurnalistləri və diplomatik korpusun nümayəndələrinə bina yaxınlığında qalmağa belə imkan verməyib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev jurnalistlərə açıqlamasında deyib ki, sabah binaya məhkəmə icraçıları gələcək və onlar səhər saat 11.00-dək binadakı avadanlıqları boşaldacaqlar.

AXCP sədrinin müavini Fuad Mustafayev qarşıdurma yaratmaq istəmədikləri üçün partiya üzvlərini qərargahdan uzaqlaşdırdıqlarını deyib.

"Turan" agentliyinin direktoru Mehman Əliyev 5 gündür qoşulduğu aclıq aksiyasını agentliyinin işini bərpa etmək məqsədilə işə qayıtmaq üçün dayandırıb. O, bütün qanuni yollarla mübarizəni davam etdirəcəyini deyib.

XS
SM
MD
LG