Edvard Luttvak: "Milli mövcudiyyət hüququ verilmir, alınır"

"İranda yaşayan bir çox millətlərin milli mədəni hüquqlarının pozulması ilə bağlı dünya ictimaiyyətinin reaksiyası qnaəıtbəxş deyil". Bunu Amerikanın səsinə İranda rejimə qarşı mübarizə aparan höccətülislam Qədimi Əzim demişdi. O, dünya mediasının və ictimaiyyətinin anti-nüvə kampaniyasına sərf etdiyi diqqətin onda birinin milli məsələlərə yönələcəyi təqdirdə bu ölkədə yaşayan millətlər üçün daha çox nəticənin əldə olunacağı fikrindədir. Bəs dünyanın lider ölkələrindən biri Birləşmiş Ştatların İranda millətlər məsələsi ilə bağlı mövqeyi nədir? Bu məsələ Vaşinqtonun gündəmindədirmi? Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Edvard Lüttvakın fikrincə, yox.

"İranda millətlər məsələsi Vaşinqtonu narahat etmir, İranda yaşayan millətləri narahat edir". Onun sözlərinə görə, İranda yaşayan müxtəlif icmalar öz hüquqları ilə bağlı müxtəlif təsəvvürlərə malikdir: "İranda yaşayan müxtəlif icmaların bir qismi, məsələn gilakilər, mazandaranilər indiki həyatından və məruz qaldıqları assimilasiyadan razıdır, digərləri isə milli kimliklərini qorumaq üçün mübarizə aparır. Lakin gillakilərlə azərilər və azərilər kimi digər milli kimliyini anlayan millətlər fərqlidir".

Bəs Birləşmiş Ştatların İranda yaşayan millətlərin bir gün ayrıca dövlətə çevrilməsi perspektivinə münasibəti nədir?

"Millətlər məsələsi millətlər üçündür. Əgər İranda yaşayan azərilər öz milli kimliklərini qorumaq, və farslarin mədəni və siyasi repressiyası altında yaşamaq istəmirlərsə, onlar istədiklərini tələb etməli, fəal olmalıdırlar. Son 15 il ərzində meydana gələn 70-dən artıq milli dövlətlər ona görə buna nail olublar ki, onlar bunu tələb ediblər. Əgər siz özünüz qalxmasanız, heç kim sizə heç nə verməyəcək. Bu, dünya mediasının və ya dövlətlərinin işi deyil, millətin özünün işidir. Milli mövcudiyyət hüququ verilmir, alınır".

Edvard Luttvak Vaşinqtonun separatçı hərəkatları dəstəkləmədiyini deyir.

"Birləşmiş Ştatlar heç də xəritəyə göz gəzdirib parçalamaq üçün döpvlət axtarmaqla məşğul deyillər. ABŞ İran da daxil olmaqla heç bir dövlətin parçalanmasını dəstəkləmir. Lakin ABŞ milli, mədəni, insan hüquqlarını dəstəkləyir ki, bunlar da İranda yoxdur".

Bununla belə, İran müxalifətinin nümayəndələri tez-tez Vaşinqtonda müxtəlif səviyyələrdə görüşlər keçirirlər. Edvard Luttvak bunu təbii sayır:

"İranda yaşayan bir çox insanlar rejimdən narazıdır. Son iki ay ərzində bir çox insanın İrandan başqa heç bir yerdə qadağan olunmamış hərəkətlərinə görə asıldığı, daşa basıldığı, güllələndiyi barədə məlumatlar var. İran ekstremist rejim əhalini təzyiq altında saxlayır, və burada yaşayan millətlər narazıdırlar. Bəzən onların nümayəndələri Vaşinqtona və başqa yerlərə gəlir, rejimdən narazılıqlarını dünya lider ölkələrinə çatdırmağa çalışırlar. Birləşmiş Ştatlar çox məhdud yardım göstərir. Məsələn, obyektiv xəbərlərin yayılması üçün radiostansiya açır ki, orada hökumətin səsindən fərqli səslər eşidilsin. Lakin təşəbbüs göstərmək xarici dövlətin işi deyil, xalqın öz işidir. Mən bilirəm ki, mübarizə aparmaq çətin və təhlükəlidir. Lakin bunu etmək lazımdır."

Luttvakın sözlərinə görə, İranda yaşayan azərbaycanlılar ayağa qalxarsa, onların qarşısını almaq mümkün olmayacaq.

"Orada yaşayan xalqların məqsədi dinc yolla milli mövcudiyyət hüququ qazanmağa nail olmaqdır. Mən burada, Amerikada oturub, adamları təhlükəli işlərə çağırmaq istəmirəm. Amma görün oradakı xalqların sayı necə böyükdür. Azərilər sayca çox böpyük millətdir. İrandakı Azərilər Yaxın Şərqdəki bir çox ölkələrin bütün əhalisini sayca üstələyir. Əgər onlar bu yaxınlarda Təbrizdə etdiklləri kimi küçələrə çıxsalar, onları dayandırmaq çətin olacaq. Amma əvvəlcə, ayağa qalxıb, küçələrə çıxmaq lazımdır".

Müsahibə oktyabrın 14-də "İran Azərbaycanına pəncərə" verilişində yayımlanıb