ABŞ İran bankları ilə əlaqələrə sanksiya qoydu

Dünən Buş administrasiyası İranın terrorizmlə əlaqəsi olduğunu deyərək, İranın əsas bankının ABŞ bankları ilə əlaqələrini kəsib. Bu addım İranın nüvə proqramına qarşı qoyulan sanksiyalar barədə diplomatik səylərin inkişaf etdiyi vaxta təsadüf edir.

Biləşmiş Ştatlar rəsmilərinin İran banklarının Yaxın Şərqdəki terroristləri maliyyələşdirdiyini dediyinə görə, ABŞ-ın Xəzinə departamenti İranın Sədarət bankı ilə hər-hansı əlaqələrə qadağa qoyub.

Xəzinənin Terrorizm və Maliyyə Təhqiqatları üzrə rəhbər müavini Styuart Levi İranın iri banklarından birinin Hizbullah, Həmas və Fələstinin İslami Cihad kimi Təşkilatlara yüz milyonlarla dollar keçirdiyini deyib.

Birləşmiş Ştatlar rəsmiləri atılan bu addımın BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına qarşı sanksiyalar tətbiq etməsini təşviq edən diplomatik səylərlə paralel olduğunu deyirlər. BMT Təhlükəsizlik Şurasına daxil olan beş ölkənin və Almaniyanın yüksək səviyyəli diplomatları cümə axşamı Berlində görüşmüş və Dövlət Departamentinin məhsuldar adlandırdığı bu yığıncaqda mümkün sanksiyaları müzakirə etmişlər. Birləşmiş Ştatlar rəsmilərinin BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları nəzərdə tutan qətnaməsinin bu həftə müzakirəsinə başlanacağına ümid etdiyini deməsindən sonra, altı ölkənin nümayəndəsi telefon vasitəsi bu məsələni yenidən müzakirə etmişlər.

Dövlət Departamentinin sözçüsü Şon MakKormak mətbuat konfransında İran bankına qarşı atılan bu addımla Tehran hökumətinin mövqeyini dəyişməyə çalışıldığını deyib.

“Biz İran xalqına təzyiq göstərmək istəmirik. Bizim addımlarımızın məqsədi bu deyil. Təhlükəsizlik Şurası vasitəsilə apardığımız işin də məqsədi bu deyil. Bizim məqsədimiz xalqı quyuya aparan və təcrid edən İran rejiminin davranışını dəyişməsinə nail olmaqdır.”

Qeyd edək ki, Rusiya və Çin İrana sanksiyaların tətbiq olunmasına qarşı öz narazılığını bildirib. Cənab MakKormak onu da qeyd edib ki, ABŞ-ın BMT-dəki nümayəndəliyi İran prezidenti Mahmud Əhmədinejadın bu ay Nyu Yorkda, BMT-nin Baş Assambleyasında çıxış etmək barədə müraciətini alıb.