İran və Avropa Birliyi Tehranın nüvə proqramını dayandırmaması ilə bağlı sanksiyaların tətbiq olunmaması üçün son şans olan danışıqlara başlayıb. Avropa Birliyinin sözçüsü danışıqların, hələ ki, konstruktiv keçdiyini və bazar günü davam etdiriləcəyini deyib.
İranın nüvə danışıqlarındakı əsas nümayəndəsi Əli Laricani Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Havyer Solana ilə Vyanada görüşüb.
Helsinkidə isə burada səfərdə olan Çinin baş naziri Ven Ciabao İranı beynəlxalq ictimaiyyətin narahatlığını nəzərə almağa çağırıb. O həmçinin Tehrana getdikcə artan təzyiqin də əleyhinə çıxış edərək, nüvə böhranının sülh yolu ilə çözülməsinin vacibliyini qeyd edib. Xatırladaq ki, Çin və Rusiya sanksiyaların əleyhinədir.
Birləşmiş Ştatlar isə İrana nüvə proqramını dayandırması üçün verilən vaxt ərzində uranın zənginləşdirilməsinə son qoymadığı üçün Tehrana sanksiyaların tətbiq olunmasının tərəfdarıdır.