Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramını dayandırmaqdan imtinası ilə bağlı qətnamə üzərində gələn həftə işə başlayacağına ümid etdiyini bildirir.
Birləşmiş Ştatlar Dövlət Katibinin müavini Nikolas Berns bu gün Berlində jurnalistlərlə söhbət edərkən bildirib ki, dünyanın 6 lider ölkəsinin diplomatları məsələnin müzakirəsini bazar ertəsi davam etdirəcək. Bundan sonra, Bernsin sözlərinə görə, qətnamə layihəsi üzərində iş Təhlükəsizlik Şurasına ötürülməlidir.
Birləşmiş Ştatlar diplomatlar səviyyəsində danışıqların səmərəli olduğunu bildirib, lakin media İranla bağlı heç də bütün diplomatların həmrəy olmadığını bildirir.
Tehranda Ayətulla İmam Kaşani cümə namazı zamanı İrana sanksiya tətbiq olunarsa, dünyanın bundan ziyan görəcəyini deyib.
İtaliyanın baş naziri Romano Prodi İranın nüvə danışıqlarında nümayəndəsi Əli Laricani ilə görüşündə uranın zənginləşdirilməsi proqramının dayandırılmasının Tehranın maraqlarına uyğun olduğunu deyib.