Təbrizdə yaşayan azərbaycanlı fəal İbrahim Asmani, keçən ilin sentyabrın 24-də yazıçı Zöhrə Vəfayinin dəfn mərasimində ənənəvi Azərbaycan geyimi geyindiyinə görə saxlanıldıqdan sonra, qiyabi olaraq 3 ay həbs və 30 qamçı cəzasına məhkum edilib. O, bu qərardan verdiyi apellyasiya şikayəti əsasında keçirilən məhkəmə iclasında öz müdafiəsini təqdim edib.
Araz News Telegram kanalında yayılan məlumata görə, martın 11-də Təbriz Cinayət Məhkəməsinin 118 saylı şöbəsində hakim Nağı Rzainin sədrliyi ilə keçirilən iclasda İbrahim Asmani müdafiəsini məhkəməyə təqdim edib. Bu iclas, onun iştirakı olmadan çıxarılan qiyabi hökmə qarşı etdiyi etiraz əsasında baş tutub.
Məhkəmə Asmanini “qeyri-adi geyim geyinmək” ittihamı ilə cəzalandırıb. Onun geyindiyi ənənəvi Azərbaycan geyiminin üzərində qədim türk Orxon əlifbası ilə yazılar olduğu bildirilir.
Zöhrə Vəfayi 2024-cü ilin sentyabr ayında Təbrizin Vadi-Rəhmət qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində milli geyimlə iştirak edən Asmani təhlükəsizlik qüvvələri tərəfindən geyimini dəyişməyə məcbur edilib. O, bu tələbi rədd etdiyi üçün saxlanılaraq kəşfiyyat idarəsinin təcridxanasına aparılıb. Saxlanıldığı müddətdə ona qarşı pis rəftar edildiyi bildirilib.
Asmani sentyabrın 24-də həbs edildikdən bir neçə gün sonra Təbriz həbsxanasına köçürülüb və oktyabrın 1-də 100 milyon tümən girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Məhkəmədən əvvəl sosial mediada yayılan video-müraciətində İbrahim Asmani, çıxarılan hökmü tənqid edərək bildirib ki, Zöhrə Vəfayini şəxsən tanımayıb, lakin onun Azərbaycan ədəbiyyatı və mədəniyyəti sahəsindəki fəaliyyətlərinə hörmət əlaməti olaraq dəfn mərasimində milli geyimlə iştirak edib. O, məhkəmə hakiminə xitab edərək soruşub: “21-ci əsrdə sadəcə Azərbaycan xalqının minilliklərə dayanan ənənəvi geyimini geyindiyim üçün məni həbs və qamçı cəzasına məhkum edə bilərsinizmi?”
Sosial mediada yayımlanan məhkəmə hökmü sənədinin surətinə əsasən, o, "Zöhrə Vəfayinin dəfn mərasimində qeyri-adi geyim geyinməklə, səs-küy və qalmaqal yaratmaq yolu ilə ictimai asayişi pozmaq" ittihamı ilə təqsirli bilinərək, 3 ay həbs və 30 qamçı cəzasına məhkum edilib.