Azərbaycanlı fəal Salar Tahir Əfşar 13 martda, təxminən bir aylıq nəzarət altında saxlandıqdan sonra 300 milyon tümənlik girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından azadlığa buraxılıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, o, 18 fevral tarixində, Urmiyədə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ertəsi gün Təbrizdə Sepahın təcridxanasına köçürülüb.
2 mart tarixində o, ailəsi ilə telefon əlaqəsi saxlayaraq Təbriz Mərkəzi Həbsxanasına köçürüldüyünü xəbər verib.
Təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldıqdan sonra, 20 fevral tarixində ailəsinə onun barəsində çıxarılan 5 illik həbs cəzasının icrası ilə bağlı rəsmi bildiriş çatdırılıb.
Həbs olunduqdan sonra yaşadığı ünvana göndərilən bu bildiriş, Tehran İnqilab Məhkəməsi tərəfindən ona verilən 5 illik həbs cəzası ilə əlaqədar olub.
Tahir Əfşarın son həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, bir məlumat yayılmayıb.