Tehran Ümumi və İnqilab Məhkəməsinin 33 saylı Şəhid Müqəddəs rayon prokurorluğunun 1-ci hökmlərin icra şöbəsi milli fəal Salar Tahir Əfşarın həbs hökmünün icrası ilə bağlı bildiriş verib. Sənəd onun ailəsinə təqdim olunub.
Fəalın bacısı Sevda Tahir Əfşar fevralın 20-də bildiriş sənədini öz Instagram səhifəsində yayımlayaraq, qardaşına qarşı həbs hökmünün icrasına başlanıldığını elan edib.
Salar Tahir Əfşar bundan iki gün əvvəl, 18 fevralda, Urmiyədəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq şəhərin Kəşfiyyat İdarəsinə aparılmışdı. Bildiriş sənədində onun ailəsinə təqdim edilmə tarixi fəalın saxlanılmasından bir gün sonraya təsadüf edir.
Saxlanıldıqdan sonra o, ailəsi ilə qısa telefon danışığı apararaq Təbriz Kəşfiyyat İdarəsinə aparılacağını bildirib. Bu, onun ailəsi ilə son əlaqəsi olub və hazırda harada saxlanıldığı barədə dəqiq məlumat yoxdur. Güman edilir ki, onun həbs hökmünün icrası üçün saxlanılması rəsmi bildiriş verilmədən həyata keçirilib.
Salar Tahir Əfşar ötən ilin fevral ayında İranın müxtəlif şəhərlərində türk fəallara qarşı baş verən genişmiqyaslı həbslər çərçivəsində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, Evin həbsxanasının 209-cu bölməsinə aparılmışdı. Bir neçə həftə davam edən dindirmələrdən sonra o, həbsxananın ümumi bölməsinə köçürülmüş və girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
Tehran Ümumi və İnqilab Məhkəməsinin 15 saylı şöbəsi, hakim Salavatinin sədrliyi ilə, onu “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edib. Daha sonra bu qərar Tehran Apellyasiya Məhkəməsinin 36 saylı şöbəsi tərəfindən qüvvədə saxlanılıb.
Forum