Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində İstanbul Universitetinin doktorantı Fazil Qasımov və onunla birgə ittiham olunan Anar Əliyev barəsində keçirilən məhkəmə iclasından sonra Anar Əliyevin Fazil Qasımovu təhdid etdiyi bildirilir.
“Fazil bu gün zəng etmişdi. O dedi ki, dünən məhkəmədən sonra Anar Əliyev ona vəkillərindən imtina etməsi üçün təhdid edib. Deyib ki, əgər vəkillərindən imtina etməsə Fazili fiziki zorakılığa məruz qoyacaq. Özü olmasa da Fazilin qanını tökdürüb məhv edəcəyi ilə hədələyib”, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Fazil Qasımovun qardaşı Nazim Qasımov yanvarın 25-də onunla telefon danışığından sonra Amerikanın Səsinə bildirib.
Nazim Qasımov qardaşının həyatından narahatdır və bu barədə müvafiq orqanlara şikayət ünvanladığını bildirib.
Nazim Qasımovun qardaşının telefon danışığı zamanı dedikləri barədə Amerikanın Səsinin sorğusuna Penitensiar Xidmət hələ cavab verməyib.
Vəkil Fuad Ağayev Amerikanın Səsinə deyib ki, Fazil Qasımova qarşı hər hansı fiziki və ya psixoloji zorakılıq hərəkətləri baş verəcəyi təqdirdə məsuliyyət tam olaraq Penitensiar Xidmətin və bilavasitə 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyinin üzərində düşür.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Lakin o, həftədə iki dəfə polisdə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımov və Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Fazil Qasımov 2024-cü ilin iyunundan həbsdə aclıq aksiyası keçirir, yalnız maye qəbul edir.
Yaxınlarının bildirdiyinə görə, vaxtaşırı bal ilə maye qarışığı qəbul elədiyinə görə orqanizm 6 aydan çox davam edən aclığa tab gətirə bilib.